Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün ABŞ-yə səfər edib.
Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətini daşıyan hökumət təyyarəsi Corciya ştatının paytaxtı Atlantaya enib.
Məlumata görə, Rusiya nümayəndə heyətinin Moskvadan Atlantaya uçuşu 20 saat 10 dəqiqə davam edib. Təyyarə Rusiya ilə münasibətləri gərgin olan ölkələrin hava məkanından yan keçib.
G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı oktyabrın 30-31-də Atlantada keçiriləcək.
Görüş dekabrın 14-15-də Mayamidə təşkil olunacaq G20 liderlərinin sammiti ərəfəsində əsas diplomatik tədbirlərdən biri hesab olunur.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Mayamidəki sammitdə şəxsən iştirak edib-etməyəcəyi barədə qərarın hələ verilmədiyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp isə Putini sammitdə görmək istədiyini bildirmişdi.
Qeyd edək ki, G20 liderlərinin sammiti Mayami yaxınlığındakı Doral şəhərində keçiriləcək.