Çexiyalı milyarder “Ray-Ban”ın səhmdarına 30 milyard avro təklif etdi

Çexiyalı milyarder, müdafiə sənayesində fəaliyyət göstərən Mixal Strnad “Delfin Sarl” ailə holdinqini almaq üçün təxminən 30 milyard avro təklif edib.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Holdinq dünyanın ən böyük eynək və linza istehsalçısı olan, “Ray-Ban” brendini də əhatə edən “EssilorLuxottica” şirkətində səhmlərə malikdir. Bundan əlavə, “Delfin Sarl” İtaliyanın “UniCredit”, “Banca Monte dei Paschi di Siena” banklarında və “Assicurazioni Generali” sığorta qrupunda strateji paylara sahibdir.

Agentliyin məlumatına görə, Strnad oktyabrın 20-də göndərdiyi məktubda holdinqi xalis aktivlərinin dəyərindən 30 faiz aşağı qiymətləndirib. Milyarder şirkətin bütün səhmlərini deyil, 62,5 faizlik nəzarət paketini almağa da hazır olduğunu bildirib. Holdinqin birjada ticarət olunan aktivlərinin bazar dəyəri 40 milyard avronu ötür.

Təklif 30 gün müddətində qüvvədədir. Sövdələşmənin baş tutması üçün holdinqin səkkiz səhmdarının hamısı mülkiyyət hüquqlarının dəyişdirilməsinə razılıq verməlidir.

Səhmdarlardan Leonardo Mariya Del Vekkio isə holdinq üzərində İtaliyanın nəzarətinin saxlanılmasını müdafiə etdiyini açıqlayıb. O, “EssilorLuxottica” şirkətindəki hüquqların qorunmasının və İtaliya bank sistemində sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.