Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TVəməkdaşlarına qarşı edilən hücum, televiziya əməkdaşının qələbəlik içərisində amansızcasına döyülməsi bütün cəmiyyətdə haqlı qəzəb və narazılığa səbəb olub. Artıq daxili işlər orqanları tərəfindən hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub. Hadisə ilə bağlı zəruri istintq tədbirləri davam etdirilir ki, bu da saxlanılanların sayının arta biləcəyindən xəbər verir.
Şübhəsiz, baş verən hadisə və onun müqəssirləri ilə bağlı əlaqədar qurumlar lazımi ölçü götürəcək və hər bir bütün qanunazidd əməlin cavabını qanun çərçivəsində verəcək. Bu, birmənalıdır.
Baş verənlərlə bağlı narahatlıq doğuran əsl məqam bəzi şəxslərin bu zorakılığa bilavasitə və ya dolayısı ilə bəraət qazandırması, məlum insidentdlə bağlı müqəssir tərəfin kimliyini mübahisələndirməyə çalışmasıdır. Halbuki, REAL TV əməkdaşına, yaxud sosial-ictimai statusundan asılı olmayaraq, istənilən bir şəxsə qarşı nümayiş etdirilən zorakılığa haqq qazandırmaq bu zorakılığa şərik olmaq, həmin adamlarla eyni təfəkkür və düşüncəni bölüşməkdir.
Hər kəs anlamalıdır ki, əslində 225 saylı orta məktəbdə hücuma məruz qalan yalnız REAL TV əməkdaşı olmayıb. Əslində REAL TV əməkdaşının timsalında hücuma məruz qalan azad media, qanun,və milli-mənəvi dəyərlərimizdir. REAL TV əməkdaşına dəyən hər yumruq, onu vurulan hər təpik məhz bu dəyərlərə - hüquqi dövlət anlayışına, ictimai təhlükəsizlik faktoruna, insan hüquqlarına endirilib. Buna görə də baş verən insident məhz bu aspektdən dəyərləndirilməli, bu mütəvidə təhlil olunmalıdır.
Hadisə ilə bağlı məyusluq yaradan digər bir hal bu olayın məhz məktəbdə - təhsil və tərbiyə məkanında gerçəkləşməsidir. Bu fakt onu söyləməyə əsas verir ki, hələ də işıq və nur məkanı olan məktəblərdə qaranlıq düşüncəyə, zülmət zehnə malik yeniyetmələr var və onların zamanında islah edilməməsi gələcəkdə dövləti və cəmiyyəti daha böyük problemlərlə üz-üzə qoya bilər.
Baş verən hadisə sübut etdi ki, məktəblərdə şagirdlərlə geniş iş aparılmalı, onların təhsili ilə yanaşı, tərbiyə və mənəviyyatı da diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, hərəkət və davranışlarından kriminal qoxusu gələn, problem və anlaşılmazlıqları qanunla deyil, şillə-təpikə həll etməyə meyilli olan, humanizm və nəzakəti zəiflik kimi qiymətləndirən şəxslərlə bağlı ciddi tədbirlər görülməli, onları islah etmək üçün qanunun bütün sərtliyindən istifadə olunmalıdır. Unutmayaq ki, böyük Nizami Gəncəvi də öz “İqbalnaməsi”ndə bu cür tiplərə qarşı sərt davranışın daha effektiv və faydalı olduğunu bildirib:
“Həyasız adama qarşı sərt rəfdar,
Yumşaq davranmaqdan faydalı olar”.
Onu da xaırladaq ki, məktəbərdə qanun və milli-mənəvi dəyərlərimizlə bağlı geniş maarifləndirici təbdilərirn həyata keçirilməsi Prezident İlham Əliyevin ötənlərdə bir daha gündəmə gətirdiyi ideoloji təhlükəsizliyimizin təmini baxımından da zəruridir. Çünki heç kimə sirr deyil ki, yad təsirlərin altına düşən, anti-Azərbaycan ideologiyalarına meyillənən, bədxah qqüvvələrin əlində alətə çevrilən daha çox məhz bu qəbildən olan şəxslər olur.
Odur ki, sözügedən təhlükənin miqyasını minimuma endirmək, “sapı özümüzdən olan baltaların” sayını azaltmaq, daha yekdil və mədəni cəmiyyət formalaşdırmaq üçün orta məktəblərdə ciddi, sistemli, fundamental iş aparmalı, qaragürühçu deyil, sözün həqiqi mənasında əsl şəxsiyyət və dəyər yetişdirməyə nail olmalıyıq.