“Zaur Rzayevin ölüm xəbəri məni dərindən sarsıtdı.. Çox üzüldüm. Ona ölümü yaraşdırmadım. Xəstə olduğunu, hətta vəziyyətinin kritik olduğunu da bilirdim. Asəf Zeynallı adına musiqi kollecində birlikdə oxumuşuq. Düzdür, o məndən əvvəl daxil olmuşdu, amma hərbi xidmətə getdiyi üçün gəlib bizimlə birlikdə oxudu. Zaur Rzayevlə birlikdə uzun illər filarmoniyada çalışmışam. Mən Müdafiə Nazirliyinin orkestrində çalışırdım, o da məndən bir neçə il sonra Müdafiə Nazirliyinə tabe olan “Zabitlər evi”-nin Mahnı və Rəqs Ansamblının rəhbəri idi. Onunla çoxlu qastrol səfərlərində, hərbi hissələrdə, Norveçdə, Afrikada, Viyetnamda birlikdə xarici səfərlərdə olmuşam”.
Bunu açıqlamasında Xalq artisti Zümrüd Məmmədova deyib.
O daha sonra əlavə edib:
“Onun haqqında keçmişdə danışmaq mənə çox pis təsir edir. Yaxşı oxuyan idi, səs diapazonu güclü idi, xalqın sevimlisi idi. Ən əsası da özünə hörmət edən, öz yerini bilən idi. Mən onunla neçə illər birlikdə çalışmışam. Ondan bir dəfə də inciməmişəm. Bir-birimizə hörmətimiz böyük olub. Yaxşı ailə başçısı idi. O incəsənətimizə Azər adında gözəl, güclü səsi bəxş edib. Zaur Rzayev haqqında çox danışmaq olar. Onun haqda ancaq yaxşı xatirələrim göz önümdə canlanır. Sənətkarlarımız gedir, yerləri boş qalır. O yeni gələn gənc də özünü təmsil edəcək, heç vaxt Zaur Rzayev olmayacaq. Zaur Rzayev efirə gec-gec çıxırdı, tamaşaçı da onun üçün darıxırdı. Bundan sonra onun üçün çox darıxacaqlar.. Çünki iz qoyub gedən sənətkardır” deyə Xalq artisti bildirib.