“Kristal”ın mənzil satışından gəlirləri 214 mln. manata “sıçrayıb”

“Kristal Bakı” ASC 2025-ci ili 8,25 milyon manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 3,28 milyon manat zərər açıqlamışdı. İlin sonuna balansdakı yığılmış zərər 23,2% artaraq 41,16 milyon manata çatıb. Maraqlıdır, balansında yığılmış zərərdə olan biznes hesabatda il ərzində elan edilmiş 16 milyon manat dividend kapitaldan çıxılıb.

Şirkətin maliyyə hesabatına istinadən, gəlirlər illik 267,4% artaraq 214,45 milyon manat olub. 2025-ci ildə gəlirlərin hamısı mənzil satışından formalaşıb. Satışın maya dəyəri 348,3% artaraq 176,89 milyon manata, ümumi mənfəət isə 98,5% artaraq 37,56 milyon manata yüksəlib. İnzibati və ümumi xərclər 44,2% artaraq 16,79 milyon manat, maliyyə xərcləri 55,2% artaraq 31,14 milyon manat təşkil edib. Faiz gəlirləri 134,9% artaraq 20,59 milyon manata, əməliyyat mənfəəti isə 189,5% artaraq 20,84 milyon manata çatıb.

Şirkətin aktivləri 7,6% artaraq 719,65 milyon manata, öhdəlikləri 8,3% artaraq 759,81 milyon manata yüksəlib. Kapitalın mənfi qalığı 23,9% böyüyərək 40,16 milyon manat olub. Debitor borcları 313,6% artaraq 62,78 milyon manata, ticarət və digər kreditor borcları 27,1% artaraq 44,19 milyon manata çatıb. Pul vəsaitləri və onların ekvivalentləri 539,1 min manatdan 3,89 milyon manata yüksələrək 622,2% artıb. Tikilməkdə olan yaşayış kompleksləri üzrə kapitallaşdırılmış məsrəflər 12,4% artaraq 496,57 milyon manat, mal-material ehtiyatları isə 35% azalaraq 15,68 milyon manat təşkil edib.

Qısamüddətli öhdəliklər 20,2% artaraq 78,56 milyon manata, uzunmüddətli öhdəliklər 7,1% artaraq 681,26 milyon manata yüksəlib. Müddətli borc vəsaitləri 40,5% artaraq 255,27 milyon manata, təsisçilərdən alınmış borclar üzrə öhdəliklər 10,4% artaraq 157,14 milyon manata çatıb. Tikintisi tamamlanmamış və təhvil verilməmiş mənzillər üçün müştərilərdən alınmış avanslar 9,8% azalaraq 293,1 milyon manat olub. Əmlak, tikili və avadanlıqların balans dəyəri 0,6% artaraq 8,42 milyon manata yüksəlib. Əməliyyat fəaliyyəti üzrə xalis pul çıxışı 41,6% azalaraq 82,43 milyon manat təşkil edib. Auditor 15,68 milyon manatlıq mal-material ehtiyatlarının miqdarına dair yetərli audit sübutu əldə edə bilmədiyinə görə hesabata şərti müsbət rəy verib.

“Kristal Bakı” ASC 19 mart 2020-ci ildə qeydiyyata alınıb, yaşayış binalarının, sənaye və ictimai obyektlərin tikintisi ilə məşğuldur. Nizamnamə kapitalı illik müqayisədə dəyişməyərək 1 milyon manat qalıb. Səhmlərin 50%-i Pərviz Vəliyevə, 25%-i Fərid Nəbiyevə, 25%-i isə Araz Nəbiyevə məxsusdur. İşçilərin sayı 2025-ci ilin əvvəlindəki 1 254 nəfərdən ilin sonunda 1 504 nəfərə yüksələrək 19,9% artıb.