Bakı, 29 oktyabr, AZƏRTAC Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirən, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı anlaşmanın və təcrübə mübadiləsinin təşviqinə xidmət edən mühüm beynəlxalq platformadır.Bunu AZƏRTAC-a açıqlamasında Kot-d’İvuar Dodjbol Federasiyasının baş katibi Fabris Kvame deyib.O bildirib ki, forum müxtəlif ölkələrdən olan gənclərin tanışlığı, birgə təşəbbüslərin irəli sürülməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.“Ölkəmdə idman sahəsində, xüsusilə idman infrastrukturunun inkişafı istiqamətində fəaliyyət göstərirəm. Forum çərçivəsində müxtəlif ölkələrdən olan gənclərlə tanış olmaq, onların təcrübələrini öyrənmək və öz fəaliyyətim barədə məlumat vermək imkanı qazanmışam. Gələcəkdə bu əlaqələri davam etdirmək, birgə layihələr həyata keçirmək və əməkdaşlığımızı genişləndirmək istərdim”, – deyə o vurğulayıb.Azərbaycana səfəri ilə bağlı təəssüratlarını da bölüşən Fabris Kvame Bakının gözəlliyindən, ölkəmizin zəngin mədəniyyətindən və qonaqpərvərliyindən məmnunluğunu ifadə edib.“Bakı çox gözəl şəhərdir. Paytaxta gəlməzdən əvvəl Qubada olduq. Bu şəhər də məndə xoş təəssürat yaratdı. Xüsusilə Olimpiya Kompleksi və burada yaradılan müasir idman infrastrukturu diqqətimi çəkdi. Bakıda isə Azərbaycan mətbəxini çox bəyəndim. Milli yeməkləriniz olduqca dadlıdır. Həmçinin opera tamaşasını izləmək mənim üçün səfərin ən yaddaqalan anlarından biri oldu. Bütün bunlar Azərbaycan mədəniyyətini daha yaxından tanımağıma imkan yaratdı”, – deyə o əlavə edib. Müxbir – Günel Alıyeva Foto – Tofiq Babayev