"Ortaq gələcək naminə dialoq" mövzusunda Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev ölkəmizin milli birlik, suverenlik və sülh haqqında mövqeyini açıqlayaraq müasir dünyamızda müxtəlifliyi ümumi vətəndaşlıq məkanında birləşdirən, gələcəyini müstəqil müəyyənləşdirən dövlət anlayışı haqqında dəqiq təsəvvür formalaşdırdı.
Bu sahədə Azərbaycanın yaratdığı zəngin təcrübəni düzgün dəyərləndirmək üçün təbii ki, qazanılan tarixi yola bütövlükdə baxmaq lazım gəlir. Belə bir təcrübə tarixi dövlətçilik irsini, Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü siyasi xətti və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətləri özündə bir araya gətirir. Milli həmrəylik dövlətimizin güclənməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına və sülh təşəbbüslərinin irəli sürülməsinə imkan yaradıb.
Milli ideya və dövlətçilik yaddaşı
Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsaslarının işlənib hazırlanmasındakı tarixi missiyası milli kimlik düşüncəsini müstəqil dövlətin quruculuq vəzifələri ilə əlaqələndirməsində idi. Azərbaycançılıq Heydər Əliyev siyasətində müstəqil dövlət quruculuğunun ardıcıl ideoloji əsası idi. Onun 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında ifadə etdiyi yanaşmada milli mənsubiyyətin və mənəvi dəyərlərin qorunması bəşəri dəyərlərə açıqlıqla vəhdətdə təqdim olunurdu.
Bu yanaşma vətəndaşın dövlətə bağlılığını etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayan ümumi məsuliyyət kimi müəyyənləşdirir: Azərbaycanı öz Vətəni bilən, onun taleyini öz taleyi ilə bağlayan insan vahid siyasi cəmiyyətin iştirakçısıdır. Azərbaycançılığın birləşdirici gücü də məhz bu geniş mənsubiyyət hissindən doğur. Hər bir vətəndaş öz mədəni özünəməxsusluğunu qoruyaraq ümumi dövlətçilik məqsədlərinə töhfə verə bilər.
Heydər Əliyevin sədrliyi ilə fəaliyyət göstərən komissiyanın hazırladığı və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş Konstitusiya bu baxışın hüquqi əsaslarını möhkəmləndirdi. Əsas Qanunda bərabərlik, milli mənsubiyyəti qorumaq, ana dilindən istifadə və vicdan azadlığı təsbit olundu. Beləliklə, birgəyaşayış ənənəsi dövlətin hüquqi öhdəlikləri ilə tamamlandı.
Müxtəlifliyin davamlı qorunması üçün mədəni hörmətlə bərabər, vətəndaşlıq hüquqlarının yanaşı mövcudluğu mühüm şərtdir. Azərbaycanda bu ictimai düşüncənin tarixi zəmini çox qədimdir. Qafqaz Albaniyası haqqında məlumatlarda əhalinin çoxdilliliyi faktı xüsusi yer tutur. Azərbaycanın müxtəlif mədəni və dini ənənələrin formalaşdığı məkan olduğu göstərilir. Həmin çoxqatlı keçmiş müasir Azərbaycanın mədəni yaddaşının mühüm hissəsidir. Bu günsə müxtəlif icmaların birgəyaşayışını gücləndirən siyasət tarixi müxtəlifliyə müasir hüquqi və ictimai məzmun verir.
Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər və Əfşarlar dövrünün irsi də bu yaddaşın ayrılmaz qatlarıdır. Şirvanşahlar sarayı dövlətçiliklə şəhər və memarlıq mədəniyyətinin əlaqəsini bu günədək yaşadır. Ağqoyunlu hökmdarı Uzun Həsənin qanun və vergi qaydalarını sistemləşdirməsi, başqa dövlətlərlə geniş diplomatik əlaqələr qurması idarəçilik tariximizin mühüm təcrübələrindəndir. Bu irsə münasibət keçmişin siyasi və mədəni nailiyyətlərini öyrənməyi, onların bugünkü dövlətçilik düşüncəsinə verdiyi töhfəni dəyərləndirməyi tələb edir.
Səfəvilər dövrü mərkəzləşdirilmiş idarəçilik, diplomatiya və Azərbaycan dilinin ədəbi-mədəni nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır. Şah İsmayıl Xətainin irsi siyasi tarixlə milli mədəniyyətin necə qovuşduğunu göstərir. Əfşarlar dövründə Nadir şahın yaratdığı hərbi-siyasi qüdrət, onun ölümündən sonra baş verən parçalanma isə davamlı dövlət quruculuğunun mürəkkəbliyini xatırladır. Buradan çıxarıla bilən dərs aydındır: dövlətin möhkəmliyi üçün güclü rəhbərliklə yanaşı, uzunmüddətli siyasi birlik və işlək idarəçilik ənənəsi də lazımdır.
Xanlıqlar dövrünə də bu baxımdan yanaşmaq vacibdir. Xanlıqlar yerli idarəçilik, diplomatiya və siyasi müstəqillik cəhdlərini yaşadırdı. Ayrı-ayrı xanların torpaqları vahid hakimiyyət altında birləşdirmək təşəbbüsləri olsa da, siyasi rəqabət və pərakəndəlik ümumi gücün yaranmasına mane oldu. Xarici təzyiqlər qarşısında parçalanmanın ağır nəticələri 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə bağlı tarixi proseslərdə özünü göstərdi. Bu təcrübə milli dövlətçiliyin qorunmasında ümumi iradənin əhəmiyyətini anlamağa kömək göstərir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçiliyə respublika məzmunu gətirdi. 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə tarixi yaddaşı dayanıqlı dövlət institutları ilə birləşdirmək vəzifəsi yenidən qarşıya çıxdı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunun möhkəmləndirilməsi və siyasi sabitliyin təmin edilməsi yeni mərhələyə keçdi. Azərbaycançılıq xətti cəmiyyətin ümumi Vətən və dövlət ətrafında birləşməsinə xidmət etdi. Bütün bunlar tarixin ən müxtəlif dövrlərində, fərqli şərtlər altında xalqın öz kimliyini qorumaq və taleyinə sahib çıxmaq iradəsini nümayiş etdirdi. Prezident İlham Əliyevin forumda müxtəlif etnik və dini icmaların ölkəmizdə bir ailə kimi yaşamasını vurğulaması azərbaycançılığın müasir ictimai mənasının ifadəsidir. Azərbaycandakı qarşılıqlı etimad və ortaq məsuliyyət mühiti vətəndaşları birləşdirərək dövlətin təhlükəsizliyini gücləndirir. Prezident İlham Əliyev dedi: "Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib".
Ərazi bütövlüyünün bərpasından sülh quruculuğuna
Azərbaycanın münaqişədən sülh quruculuğuna keçidini qiymətləndirmək üçün əvvəlki onilliklərin xronikasını xatırlamaq zəruridir. BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı faktına qarşı 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdi. Bu sənədlərdə hərbi əməliyyatların dayandırılması, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və danışıqların davam etdirilməsi ilə bağlı tələblər əks olunurdu. Lakin həmin qərarların icrasına doğru uzun illər ərzində faktiki heç bir addım atılmadı.
Prezidentin forumda Ermənistana sanksiyaların tətbiq olunmamasını ikili standartların nümunəsi kimi qiymətləndirməsi bu təcrübədən qaynaqlanır. Beynəlxalq hüququn nüfuzu onun eyni prinsiplərlə tətbiqindən asılıdır. Uzunmüddətli nəticəsizliyin doğurduğu siyasi qənaətdən sonra Azərbaycan dövləti 2020-ci ilin 44 günlük Vətən müharibəsində BMT qətnamələrini ordumuzun gücü ilə özü təmin etməli oldu.
Tarixi Zəfərimiz sayəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin edildi və bu, uzun illər davam edən qeyri-müəyyənliyin yerinə yeni siyasi reallıq gətirdi. Azərbaycanın 2020-ci il müharibəsindən sonra irəli sürdüyü sülh təşəbbüslərinin ardıcıl davam etdirilməsi yeni mərhələnin əsas istiqamətlərindəndir. Hərbi üstünlüyün davamlı sülhə xidmət etməsi qarşı tərəflə münasibətlərin gələcəyinə dair siyasi iradə tələb edirdi. Sülh sazişi təşəbbüsü regionun gələcəyini qarşılıqlı tanınma və əməkdaşlıq əsasında qurmağa yönəlmişdi. Qələbənin uzunmüddətli dəyəri təhlükəsiz yaşayışın, bərpanın və qonşuluq münasibətlərinin möhkəmləndirilməsi ilə artır.
2025-ci il avqustun 8-də Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalar bu istiqamətdə mühüm mərhələ oldu. Azərbaycan və Ermənistan rəhbərləri arasında Birgə Bəyannamə imzalandı, xarici işlər nazirləri isə sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin razılaşdırılmış mətnini parafladılar. Bəyannamədə sazişin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin davam etdirilməsi də nəzərdə tutulurdu. Bu sənədlər sülh prosesinin siyasi əsaslarını möhkəmləndirdi və onun növbəti addımlarını müəyyənləşdirdi.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən yüklərin respublikamızın ərazisi ilə tranziti və ticarət əlaqələrinin qurulması artıq sülh prosesinin praktik nəticələrini göstərir. Belə əlaqələr sülhü insanların və müəssisələrin gündəlik maraqları ilə bağlayır, iqtisadi əməkdaşlıqdan faydalanan tərəflər üçün sabitliyin qorunması daha konkret məna kəsb edir.
Prezident İlham Əliyev sentyabrın 1-də Bişkekdə keçirilən "ŞƏT plyus" görüşündə də bu mövzunu beynəlxalq gündəmə çıxardı. BMT Baş katibi Antoniu Quterreşin də iştirak etdiyi sammitdə dövlətimizin başçısı Azərbaycanın suverenliyini öz gücü ilə bərpa etdiyini bildirdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtında icrası üçün mexanizmlərin hazırlanmasını təklif etdi. Bu mesaj BMT-nin münaqişələrin həllində təsir imkanlarının və nüfuzunun artırılması tələbi kimi səsləndi.
Azərbaycanın bu uğur siyasətinin dünya üçün öyrənilməli tərəfi milli potensialın gücləndirilməsi ilə sülh quruculuğunun bir-birini tamamlamasıdır. Ərazi bütövlüyünü qorumaq iradəsi, danışıqlarda konkret nəticəyə yönəlmək və əldə edilmiş razılaşmaları iqtisadi əməkdaşlıqla möhkəmləndirmək digər münaqişə bölgələri üçün də faydalı təcrübədir. Hər münaqişənin öz tarixi və şərtləri olduğundan, bu təcrübənin dəyəri ondan düşünülmüş şəkildə bəhrələnməkdədir. Davamlı sülh isə qarşı tərəfin gələcəkdə də əməkdaşlıq edə biləcəyi münasibətlər qurmağı tələb edir.
Suverenlik və ideoloji təhlükəsizlik
Azərbaycan Prezidentinin forumda ideoloji risklərin də fiziki risklər qədər təhlükəli olması fikri isə təhlükəsizliyin ictimai əsaslarını önə çəkir. Etnik və dini qarşıdurma yaratmaq, ümumi gələcəyə inamı sarsıtmaq cəmiyyətin müqavimət qabiliyyətini zəiflədə bilər.
Bu baxımdan ideoloji təhlükəsizliyin möhkəm dayaqları keyfiyyətli təhsil, tarixi yaddaş, etibarlı məlumat və vətəndaş məsuliyyətidir. Azərbaycançılığın həyatiliyini təmin edən də onun gündəlik münasibətlərdə yaşamasıdır. Müxtəlif icmaların bir-birinə qarşılıqlı hörməti, gənclərin ölkənin gələcəyində iştirak imkanları və vətəndaşın öz dövlətinə bağlılığı bu ideoloji əsasın davamlılığını gücləndirir.
Daxili işlərə qarışmamaq tələbi də suverenliyə qarşılıqlı hörmət prinsipindən doğur. Azərbaycanla əməkdaşlıq edən tərəf onun öz inkişaf yolunu müəyyənləşdirmək hüququnu qəbul etməlidir. Dövlətlər arasında dialoq bərabərhüquqlu münasibət, öhdəliklərə qarşılıqlı sədaqət və eyni meyarlarla qiymətləndirmə əsasında səmərəli olur. Tərəfdaşın tarixini və ictimai təcrübəsini nəzərə almayan himayədar münasibət etimad yaratmır.
Prezidentin Azərbaycana mühazirə oxumaq istəyənləri əvvəlcə güzgüyə baxmağa çağırışı siyasi ardıcıllıq tələbidir. Başqalarına meyar müəyyənləşdirən tərəf həmin meyarları öz ölkəsində və müttəfiqlərinə münasibətdə də tətbiq etməlidir. Öz problemlərini görmədən başqa cəmiyyətlərə üstün mövqedən yanaşmaq qarşılıqlı hörmətlə uzlaşmır.
İnkişafdan doğan qətiyyətli beynəlxalq mövqe
Azərbaycanın müstəqil mövqeyinin maddi dayaqlarını onun inkişaf yolunda görmək mümkündür. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilmiş neft strategiyası və 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkənin iqtisadi imkanlarını genişləndirən əsas qərarlardan oldu. Xarici sərmayənin cəlbi və enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması dövlət quruculuğu üçün zəruri iqtisadi zəmin yaratdı.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə enerji və nəqliyyat infrastrukturu Azərbaycanın beynəlxalq tərəfdaşlıqlardakı çəkisini daha da artırdı. "Cənub qaz dəhlizi"nin 2020-ci ilin sonunda tam istismara verilməsi ilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına başlandı. Avropa İttifaqı bu dəhlizi təchizat mənbələrinin və marşrutlarının şaxələndirilməsi baxımından qiymətləndirir. Belə layihələr iqtisadi imkanları uzunmüddətli əməkdaşlıq münasibətlərinə çevirir.
Azərbaycanın müasir mövqeyini orta güc anlayışı ilə qiymətləndirməyə əsas verən məhz bu imkanların birləşməsidir. Burada söhbət ölkənin ölçüsündən daha çox, regional proseslərə təsir etmək, enerji və nəqliyyat əlaqələrində əhəmiyyətli yer tutmaq, müxtəlif siyasi mərkəzlərlə işləmək və beynəlxalq təşəbbüslər irəli sürmək qabiliyyətindən gedir. Azərbaycan öz coğrafiyasını iqtisadi layihələr və diplomatik əlaqələrlə tamamlayaraq bu istiqamətdə mövqeyini gücləndirib.
Bakı Prosesinin tarixi həmin diplomatik yanaşmanı aydın göstərir. 2008-ci ildə Avropa ölkələrinin mədəniyyət nazirlərinin Bakı toplantısına islam ölkələrinin nümayəndələrinin dəvət olunması, 2009-cu ildə isə əks istiqamətdə təşəbbüs göstərilməsi davamlı dialoq üçün zəmin yaratdı. 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu xətti genişləndirdi. Azərbaycan müxtəlif siyasi və mədəni məkanlarla əlaqələrini ümumi müzakirə imkanına çevirə bildi.
2027-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə evsahibliyi edəcəyi bu baxımdan xüsusi məna daşıyır. İslam dünyasının və Avropa siyasi məkanının mühüm toplantılarının ölkəmizdə keçirilməsi bizə hər iki istiqamətdə tərəfdaşlıq qurmaq imkanı verir. Bu seçimlər ölkəmizin beynəlxalq dialoq üçün qəbul olunan məkan kimi mövqeyini də gücləndirir.
Azərbaycanın yeni strateji dövrdəki vəzifəsi qazandığı nəticələrin davamlılığını təmin etməkdir. Milli birlik vətəndaşların gündəlik həyatında, suverenlik müstəqil qərarlarda, sülh isə insanların təhlükəsizliyində və əməkdaşlığın genişlənməsində öz ifadəsini tapır. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası ilə möhkəmlənən və Prezident İlham Əliyevin siyasətində yeni imkanlar qazanan dövlətçilik xəttinin indiki dövr üçün də, gələcək üçün də mənası budur.