Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Avropanın bir sıra ölkələrində vətəndaşların evdə topladıqları xırda qəpikləri komissiyasız şəkildə kağız pula dəyişə bilmələri üçün vaxtaşırı “Qəpik həftəsi” kampaniyaları təşkil olunur. Bu təşəbbüslər həm vətəndaşların rahatlığına və məmnuniyyətinə xidmət edir, həm də yığılıb qalan qəpiklərin yenidən dövriyyəyə qaytarılmasına, banklar və ticarət şəbəkələri üçün xırda pul ehtiyatının formalaşdırılmasına imkan yaradır.

Qəpikləri kağız pula dəyişmək istəyənlər nə qədər komissiya ödəyir?

Əlbəttə ki, əhalinin rahatlığını təmin etmək üçün Azərbaycanda da komissiyasız qəpik dəyişmə kampaniyalarının təşkili məqsədəuyğun olardı. Lakin Azərbaycanda hələ ki belə xüsusi həftəliklər təşkil olunmasa da, tədavüldə olan qəpiklərin qəbul edilib kağız pula çevrilməsi həyata keçirilir. Amma bütün banklarda bu xidmət komissiyasız edilmir. Kommersiya banklarında komissiya isə hər bankın tətbiq etdiyi tariflər üzrə qəbul olunur. Məsələn, 100 manat dəyərində olan qəpiklər 5% komissiya ilə 95 manat kağız halında “geri qayıdacaq”.

Lakin, Mərkəzi Bankın müəyyən etdiyi operator banklarda (ABB və Kapital Bank) pul dəyişdirilməsi ödənişsiz aparılır.

Amma vətəndaşları narahat edən bir məsələ də var. Marketlər, ticarət mərkəzləri bəzən az miqdarda xırda pul qəbul etsələr də toplu şəkildə qəpikləri götürmürlər. Bu da vətəndaşları dükan-dükan gəzməyə vadar edir, ya da çoxlarını faydalı vərdişi olan daxıla xırda pul yığmaqdan usandıra bilər. Ona görə də sual yaranır:

Marketlərin qəpikləri qəbul etməmək hüququ varmı?

Qanuna görə, tədavüldə olan Azərbaycan qəpikləri ödəniş vasitəsi olaraq hər bir ticarət mərkəzində qəbul edilməlidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 36.3-cü maddəsində Mərkəzi Bankın buraxdığı pul nişanlarının ölkə ərazisində nominal dəyəri ilə bütün növ ödənişlər zamanı qəbul edilməli olduğu göstərilir. Bu müddəa metal pullara da aiddir.

Qanunda qeyd olunduğu kimi “bütün növ” – yəni vətəndaş hətta tədavüldə az tapılan 1, 3 qəpikliklə də aldığı bir səbət ərzağın, geyimin, aksessuarın pulunu verə bilər. Kassirlərin bəhanəsi olan qəpiklərin çox olması və onları saymağın vaxt aparması qanuni ödəniş vasitəsini rədd etmək üçün əsas deyil. Əgər vətəndaş imtina ilə qarşılaşsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

Şəfiqə Şəfa, Bizim.Media