Argentinada güclü yağışlardan sonra zəhərli ilanlar və timsahlar evlərə doluşub.
Xarici mətbuata istinadən, çayların məcrasından çıxması nəticəsində timsahlar, zəhərli ilanlar və bir çox digər vəhşi heyvan növlərinin yaşayış mühiti su altında qalıb.
Bu isə həmin canlıları insanların məskunlaşdığı ərazilərə köçməyə məcbur edib. Xüsusilə çay sahillərində suyun səviyyəsinin yüksəlməsi heyvanların yerini dəyişməsinə səbəb olub. Adətən bataqlıq ərazilərdə yaşayan bəzi növlərin evlərin və yolların yaxınlığında görünməsi xilasetmə qruplarını hərəkətə keçirib.
Xüsusilə zəhərli çınqıllı ilanların və bölgəyə xas digər ilan növlərinin yaşayış məntəqələrində görünməsi narahatlıq yaradıb. Korrientes şəhərində xilasetmə qrupları müxtəlif heyvanları təhlükəsiz ərazilərə aparıblar.
Daşqınlardan sonra ən ciddi hadisələrdən biri Qoya şəhərində baş verib. Çay adalarından iribuynuzlu heyvanların təxliyəsinə kömək edən 15 yaşlı yeniyetməni çınqıllı ilan sancıb. Zəhər səbəbindən orqanlarının funksiyaları zərər görən yeniyetmənin reanimasiyaya yerləşdirildiyi bildirilib.
Bölgədəki heyvanların xilas edilməsi mərkəzlərində də sıxlıq yaranıb. Aquara Mühafizə Mərkəzində 100-dən çox heyvanın reabilitasiya prosesində olduğu, mərkəzə gətirilən heyvanların sayının isə iki dəfə artdığı qeyd edilib.
Mütəxəssislər daşqınlardan qaçan heyvanların əksəriyyətinin sadəcə sağ qalmağa çalışdığını vurğulayıblar.