Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni anti-dövlət xarakteri daşıyır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində bildirib.
Paşinyan bunu həmin sənədin məzmunu ilə müstəqil dövlət qurmağın mümkün olmaması ilə əsaslandırıb.
“Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, – deyə baş nazir vurğulayıb.
O əlavə edib ki, hazırda dünya nizamı dağılmaqdadır və Ermənistan belə bir şəraitdə sülhü bərqərar edə bilib.
Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsində əks olunan ideologiyadan imtina etmək Ermənistanın öz maraqlarından irəli gəlir və bunun Azərbaycanla, yaxud hər hansı xarici qüvvə ilə əlaqəsi yoxdur.
“Bu, Ermənistanın maraqlarından irəli gəlir”, – deyə Paşinyan qeyd edib.
Baş nazir əsas məqsədlərindən birinin Azərbaycanla sülh müqaviləsinin imzalanması olduğunu da vurğulayıb:
"Məqsədim sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi şərtləri ilə baş nazir vəzifəmi bitirməkdir. Əgər bu baş verməsə, mən bunu şəxsi uğursuzluq hesab edəcəyəm.
Hər gün bizi sülh gündəliyindən yayındıra biləcək gündəmlərlə qarşılaşırıq".
Paşinyan sülh müqaviləsinin bağlanması və təsdiqlənməsi məqsədinə sadiq qalmaq niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan tərəfi rəsmi İrəvan qarşısında şərt qoyub ki, iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməli, Müstəqillik Bəyannaməsində yer alan qonşu ölkələrə ərazi iddiası aradan qaldırılmalıdır.