Bakı, 29 oktyabr, AZƏRTACBelə turnirlərin keçirilməsi Azərbaycanın futbol ölkəsi kimi tanınması baxımından əla imkandır. Yarış yüksək səviyyədə təşkil olunub. Bu cür tədbirlərin davamlı olmasını arzulayıram.Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.Mütəxəssis Azərbaycanın U-16 millisi barədə fikirlərini bildirib: “Milli komandanın udub-uduzması o qədər də önəmli deyil. Əsas məsələ futbolçuların bu turnirdə inkişaf etməsi, rəqibləri görməsi və təcrübə qazanmasıdır. Hansısa skaut gəlib iki-üç futbolçumuzu bəyənərsə, onlar Avropa klublarının akademiyalarına yollanıb orada məşq etmək imkanı qazanarlar. Bu, bizim üçün böyük qazancdır. Məqsəd yalnız qələbə qazanmaq deyil, bu turnirə pozitiv yanaşmaq və futbolçuların inkişafına şərait yaratmaqdır”. E.Məmmədov U-17 yaş qrupunda çıxış edən futbolçuların perspektivlərinə də toxunub: “Bu uşaqlar gələcəkdə milli komandaya namizəd ola bilərlər. Yaxşı futbolçulardır. Məncə, bu yaş qrupu Azərbaycan üçün ən yaxşılardan biridir. Ancaq əsas məsələ onların keçid dövrünü adlamasıdır. Əgər bunu bacarsalar, gələcəkdə çox perspektivli futbolçular olacaqlar və milli komandaya kömək edəcəklər”. Veteran futbolçu gələcəkdə yenidən Premyer Liqa klublarından birində çalışmağı hədəflədiyini söyləyib: “Bu yola baş qoymuşuqsa, onun enişli-yoxuşlu olduğunu da qəbul etməliyik. Mən həm Premyer Liqada, həm də I Liqada işləmişəm. Yolumu davam etdirirəm, həvəsdən düşmürəm. Öyrənəcəyim çox şey var və hər gün yeni biliklər qazanmağa çalışıram. Hər məşq, hər oyun mənim üçün təcrübədir. Niyə də olmasın? İnanıram ki, gələcəkdə çox şey olacaq”.Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı və festivalı 189 ölkədən futbolçuları bir araya gətirir. Turnir Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimləri ilə yekunlaşacaq. Müxbir – Cavid Əliyev
Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır
Mənbə: azertag.az/xeber/elvin_memmedov_dunya_chempionatinda_esas_netice_deyil_usaqlarin_inkisafidir-4486245