Azərbaycan Mərkəzi Bankının (AMB) digər ölkələrin mərkəzi bankları ilə əməkdaşlığının əsas istiqamətlərindən biri ödəniş sistemlərinin inteqrasiyası və ölkələr arasında hesablaşmaların daha sürətli və ucuz həyata keçirilməsidir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AMB həm müvafiq təşkilat daxilində, həm də təşkilatdan kənarda digər mərkəzi banklarla peşəkar və institusional səviyyədə sıx əməkdaşlıq edir.
"Mərkəzi bankların hər biri ilə çox yaxşı və faydalı münasibətlərimiz var. Həm peşəkar səviyyədə, həm də komandalar arasında, yəni həmin təşkilata daxil olan ölkələrin mərkəzi banklarının əməkdaşları arasında yaxşı əlaqələr qurulub. İşçilərimiz də bu əməkdaşlıq çərçivəsində çox aktiv iştirak edirlər", - deyə T.Kazımov qeyd edib.
AMB sədri bildirib ki, mərkəzi banklar arasında əməkdaşlığın bir neçə əsas istiqaməti var. Bunlardan biri dövlətlər arasında hesablaşmaların birbaşa həyata keçirilməsi, ani ödəniş infrastrukturlarının inkişaf etdirilməsi və QR standartlarının qarşılıqlı tanınmasıdır.
"Əsas faydanı bir neçə sahədə görürük. İlk növbədə, həmin dövlətlər arasında hesablaşmaların birbaşa həyata keçirilməsi, yəni ani ödəniş infrastrukturlarının və QR standartlarının həmin ölkələr arasında tanınması istiqamətində əməkdaşlıq edirik", - deyə o bildirib.
T.Kazımovun sözlərinə görə, əməkdaşlıq makroiqtisadi modelləşdirmə, fintex və startaplar sahələrini də əhatə edir.
"Makroiqtisadi sahədə, modelləşdirmə istiqamətində də bizim birgə şəbəkəmiz var. Fintech və startap sahəsində də əməkdaşlıq edirik. Məsələn, Özbəkistanda həmkarımla görüşümüz zamanı "sandbox"larımızı paylaşmaq barədə razılaşmışıq. Məqsəd odur ki, bir ölkədə fəaliyyət göstərən sandbox çərçivəsində yeni startap digər ölkədə də fəaliyyət göstərə bilsin", - deyə AMB sədri vurğulayıb.
O qeyd edib ki, mərkəzi banklar arasında münasibətlər bundan sonra da aktiv şəkildə davam etdiriləcək.
"Bu münasibətlərimiz çox faydalı, aktiv və səmimidir. Çox vacibdir və düşünürük ki, bundan sonra da belə olacaq", - deyə T.Kazımov əlavə edib.
AMB sədri qarşıdakı dövrdə əsas gözləntinin ödəniş sistemlərinin inteqrasiyası olduğunu bildirib.
"Əsas gözləntimiz odur ki, qısa bir zamanda ödəniş sistemlərimizi inteqrasiya edək və artıq həmin dövlətlər arasında ödənişlərin daha da ucuz həyata keçirilməsini təşviq edək", - deyə o bildirib.