"Sakit okeanı regionundan 50-dən çox alıcını Azərbaycanın turizm imkanları ilə yaxından tanış olmaq üçün ölkəmizə dəvət etmişik".
Bu sözləri "PATA Hosted Buyers Summit Baku 2026" tədbirində jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid deyib.
O vurğulayıb ki, qonaqlar yalnız Bakı şəhərində yerli tərəfdaşlarla görüşmək, işgüzar əlaqələr qurmaq və gələcəkdə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün deyil, həm də paytaxtdan kənarda Azərbaycanın gözəlliklərini kəşf etmək məqsədilə səfər ediblər:
"Onları Şamaxıya və gözəl Şəkiyə aparmışıq. Qonaqlarımız burada üzüm bağları, möhtəşəm dağ mənzərələri ilə tanış olmaq, həmçinin Azərbaycanın turizm potensialını daha yaxından kəşf etmək və ölkəmizin ab-havasını hiss etmək imkanı əldə ediblər. Onların təəssüratları olduqca müsbətdir. Asiya-Sakit okean regionundan gələn 50-dən çox qonağımızın öz təcrübələrini artıq sosial şəbəkələrdəki icmaları ilə bölüşdüyünü, media tərəfdaşlarının da bu məlumatları yaydığını görmək çox sevindiricidir".