"Azərbaycan iqtisadiyyatının qarşısında müəyyən çağırışlar var, lakin bunları təbii ki, böhran kimi qiymətləndirmək düzgün deyil".
Bu fikirləri Musavat.com-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib. Azərbaycanda iqtisadi vəziyyətin qarşıdakı illərdə ciddi çətinliklərlə üzləşəcəyi barədə son zamanlar səslənən fikirləri şərh edən iqtisadçı qeyd edib ki, əsas risklər dünya bazarlarında neftin qiymətinin dəyişməsidir:
“Eyni zamanda ölkəmizdə neft hasilatı həcmlərinin azalması ÜDM-ə təsir göstərən başlıca faktdır. Amma qeyri-neft sektorunda artım kifayət qədər qənaətbəxş vəziyyətdədir. Düşünürəm ki, ÜDM-də qeyri-neft sektorunun payı getdikcə artır, ənənəvi enerji resurslarından asılılıq səviyyəsi azaldıqca, ÜDM-in artım dinamikasında bərpa prosesini görə biləcəyik. Əsas məsələ təbii ki, iqtisadi artımın davamlılığını təmin etməkdir, yəni qeyri-neft sektorunun inkişafında olan dinamikanı bir qədər artırmaqdır ki, bu da əhalinin real gəlirlərini artırmasına gətirib çıxaracaq.
Fikrimcə, istər paytaxtda, istər iri şəhərlərdə, ələxsus regionlarda insanlara iqtisadi fəaliyyətlə bağlı daha sərbəst imkanların verilməsi ümumi vəziyyətin xeyrinə olardı. Amma gəlirlərin artırılması ilə bağlı qənaətbəxş vəziyyət olmayanda, o zaman digər məsələ gündəmə gəlir, bu da xərclərin planlaşdırılmasıdır-uzunmüddətli kredit öhdəliklərinə ehtiyatla yanaşmaq, mümkün qədər izafi istehlak xərclərinin azaldılması, alternativ istiqamətlərdə gəlir mənbələrinin formalaşdırılması və s. Təbii ki, bunlar nəzəri baxımdan tövsiyə olunan məsələlərdir. Amma praktikada bəzi hallar olur ki, əlavə gəlir mənbəyi yaradılması çətin olur, xərclərin planlaşdırılmasını hər adam o qədər də bacarmaya bilər və s. Yəni buna görə də “yol budur” deyə birmənalı bir istiqamətin göstərilməsi düşünürəm ki, doğru deyil, bu, ailədən ailəyə fərqlənə bilər.
Amma prosesə ümumi kontekstdə baxsaq, ölkə üzrə institusional yanaşsaq, hesab edirəm ki, ailə təsərrüfatlarında, ələxsus kiçik bizneslərdə, yaxud yeni biznes qurmaq istəyən insanlara bir qədər fəaliyyət azadlıqlarının verilməsi ümumi işin xeyrinə olardı. Çünki hədsiz tənzimləmə müəyyən hallarda biznesi boğan faktor olaraq çıxış edir. Ümumiyyətlə sahibkarlığın inkişaf etdirilməsi üçün dünyanın inkişaf etmiş ölkələrində rast gəlinən 4 prinsip var: mikro sahibkara toxunmamaq; kiçik sahibkara dəstək olmaq; orta sahibkarın problemini həll etmək; iri sahibkara nəzarət etmək. Düşünürəm ki, bu dörd prinsip ölkəmiz üçün də qeyri-neft sektoru üzrə inkişaf üçün ən vacib prinsiplərdəndir”.