Milli Məclisin deputatı Cavanşir Feyziyev Türkiyə Cümhuriyyətinin elan edilməsinin 103-cü ildönümü münasibətilə paylaşım edib.
Deputat sosial şəbəkə hesabında Türkiyə xalqını təbrik edərək Cümhuriyyətin qurulmasını türk tarixinin ən şanlı səhifələrindən biri kimi qiymətləndirib.
“Osmanlı imperiyasının süqutuna gətirib çıxaran Birinci Dünya müharibəsinin dağıntıları üzərində yeni dövlətin və yeni həyatın qurulması türk tarixinin ən şanlı səhifələrindən biridir. İmperiyanın məğlubiyyətindən sonra türk xalqı öz taleyini yenidən müəyyənləşdirərək Cümhuriyyət mübarizəsində qalib gəldi. Bu qələbə yüz minlərlə soydaşımızın, qardaşımızın canı və qanı bahasına əldə olundu”, – deyə C.Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Cümhuriyyət ideallarının zəfər qazandığı və ay-ulduzlu bayrağın yüksəldildiyi gündən ötən 103 il ərzində Türkiyə öz qüdrətini, əzmini və şöhrətini bütün dünyaya nümayiş etdirib.
“Bu gün bütün dünya türkləri qardaş Türkiyənin şanlı bayrağı ilə fəxr edir, 1923-cü ildə Cümhuriyyətin əsasını qoyan, müstəqillik və azadlıq uğrunda mübarizə aparan ata-babalarımızın xatirəsi qarşısında baş əyirlər.
103 il ərzində bu Zəfər bayrağını qürurla dalğalandıran, onu zamanın bütün sınaqlarından şərəflə çıxaran və böyük inamla gələcəyə daşıyan türk xalqına eşq olsun!
Yaşasın Türkiyə Cümhuriyyəti! Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!” – deyə deputat paylaşımında vurğulayıb.