28 oktyabr tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsili” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Seminarı institutun rektoru, professor Nazim Pənahov açaraq iştirakçıları salamladı. O, çıxışında süni intellektin səhiyyə sahəsində tətbiqinin əhəmiyyətindən, mövzunun aktuallığından və tibbi müəssisələrdə bu texnologiyalardan istifadənin vacibliyindən danış;b. Həmçinin xaricdən dəvət olunmuş məruzəçiləri iştirakçılara təqdim edib.
Seminarda alimlər, professorlar və tibb mütəxəssisləri iştirak edirdi.
Tədbirin əsas məruzəçisi tibb təhsili üzrə tanınmış alim, Ümumdünya Tibb Təhsili Federasiyasının (WFME) Qiymətləndiricilər Qrupunun üzvü, professor Hossam Hamdi olub. Seminarda, həmçinin Əli Bin Universitetinin nümayəndəsi dosent Səbrin Əli Əzim və McGraw Hill şirkətinin akademik məsləhətçisi Nuri Karaca çıxış ediblər.
Seminarın məqsədi süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsilinin inkişafı, tibbi təhsildə keyfiyyətin yüksəldilməsi, qiymətləndirmə və tədris metodlarının təkmilləşdirilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi olub.
Məruzələr zamanı süni intellektin səhiyyə və tibbi təhsil sahəsində yaratdığı imkanlar, müasir tədris yanaşmaları və beynəlxalq təcrübənin tətbiqi məsələləri müzakirə olundu.
Qeyd edək ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, müasir tibbi yeniliklərin və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm işlər görür. Bu cür elmi seminarlar və təcrübə mübadiləsi platformaları həkimlərin davamlı peşəkar inkişafına, tibbi təhsilin təkmilləşdirilməsinə töhfə verir.
Olduqca maraqlı və faydalı bir seminar oldu. Dəyərli həmkarlarla bir araya gəlmək, maraqlı məruzələri dinləmək və aktual mövzular ətrafında fikir mübadiləsi aparmaq çox xoş idi. Xüsusilə, süni intellektin səhiyyə və tibbi təhsil sahəsində yaratdığı imkanlar, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi gələcəyin mütəxəssislərinin hazırlanması baxımından çox faydalıdır.