Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonuna illik inflyasiya proqnozunu iyulda açıqladığı 6,1%-dən 5,9%-ə endirib. Qurum 2027-ci ilin sonuna gözləntisini isə 5,8%-dən 5,9%-ə qaldırıb.
Yenilənmiş proqnoz sentyabrda illik inflyasiyanın avqustdakı 5,7%-dən 5,5%-ə enməsindən sonra açıqlanıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları illik müqayisədə 6,9%, ödənişli xidmətlər 5,1%, qeyri-qida məhsulları 3,6% bahalaşıb.
Dövlətin tənzimlədiyi qiymətlər və mövsümi kənd təsərrüfatı məhsulları çıxılmaqla hesablanan baza inflyasiyası 4,9% təşkil edib.
Mərkəzi Bank inflyasiyanın 4±2%-lik hədəf intervalında qaldığını bildirir. Qurum enerji və ərzaq qiymətlərinin yüksəlməsini, habelə ticarət tərəfdaşlarındakı bahalaşmanın daxili qiymətlərə ötürülməsini əsas risklər sırasında saxlayır.
Yeni proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalması fərziyyəsinə əsaslanır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, aşağı həddi 5% və yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb. Eyni zamanda valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib.