U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəldi

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.

Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq seçməsi ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində baş tutan görüş təmsilçilərimizin qələbəsi ilə başa çatıb - 5:1.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Komanda C divizionundakı ilk matçında Çiliyə 1:3 hesabı ilə məğlub olub. Yığma AF qrupunda Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.