Qafqaz Media Forumunda rəqəmsal transformasiya və yeni kommunikasiya modelləri müzakirə edilib

Hazırkı dövrdə sosial şəbəkələr ön sıraya keçsə də, bu, klassik medianın öz aktuallığını itirməsi anlamına gəlmir.

"Report" məlumat verir ki, bu fikirləri Qafqaz Media Forumunda "Rəqəmsal transformasiya: Media, sosial şəbəkələr və yeni kommunikasiya modelləri" adlı panel müzakirədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru və mətbuat xidmətinin rəhbəri Şahin Əliyev səsləndirib.

Onun sözlərinə görə, DOST-un hədəf auditoriyasının əhəmiyyətli hissəsini yaşlı vətəndaşlar və pensiyaçılar təşkil edir və onlar bu günə qədər ənənəvi media vasitələrindən faydalanmağa davam edirlər:

"Ən azı, bu insanlar evdə televizora baxır və müəyyən informasiyaları televiziya kanalları vasitəsilə öyrənirlər. Ona görə də klassik kommunikasiya vasitələrini nəzərdən qaçırmırıq. Eyni zamanda, yeni platformalara da önəm veririk".

APA TV-nin baş direktoru Orxan Məmmədli süni intellektlə əlaqədar bir sıra çətinliklərin ortaya çıxdığını qeyd edib:

"Məsələn, bizə müəyyən material və şəkil göndərilir, lakin bir müddət keçdikdən sonra həmin vizual kontentin real olmadığı, hər hansı proqram təminatı ilə yaradıldığı aşkar olur. Bu vəziyyət redaktorlar və jurnalistlər üçün əlavə verifikasiya zəhmətinə səbəb olur. Materialların doğruluğunu təsdiqləmək üçün ciddi əmək sərfi tələb olunur".

Ombudsman Aparatının rəsmisi Həşim Güləmirov rəqəmsal media sahəsində insan hüquqlarının qorunması barədə geniş məlumat təqdim edib.

Sonra auditoriyanın suallarına cavablar verilib.