Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycanın sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə əlaqələndirdiyini açıqlayıb.
Nazir Ermənistan parlamentində keçirilən hökumət saatında “Güclü Ermənistan” Partiyasının deputatı Areqa Ovsepyanın suallarını cavablandırarkən belə deyib.
A.Mirzoyan bildirib ki, Azərbaycanla Ermənistan arasında faktiki sülh artıq mövcuddur və sülh sazişinin imzalanması prosesi təxirə salınmır.
“Sizi məyus etdiyim üçün üzr istəyirəm, amma sülh təxirə salına bilməz. Çünki o, artıq uzun müddətdir mövcuddur. Sərhəddə yaşayan insanlardan və ya orduda xidmət edən yaxınlarınızdan soruşsanız, onlar da sülhün mövcud olduğunu təsdiqləyəcəklər”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Bakı-İrəvan münasibətləri artıq elə mərhələyə çatıb ki, Azərbaycan ərazisindən ticarət və yükdaşımalar həyata keçirilir.
A.Mirzoyan vurğulayıb ki, Ermənistan hökuməti sülh sazişinin imzalanacağı yer və tarixlə bağlı danışıqlara mümkün qədər tez başlamağa hazırdır. O, sənədin 2026-cı ilin sonunda və ya 2027-ci ildə imzalanmasına hazır olduqlarını bildirib.
Bununla belə, nazir Azərbaycanın sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasına dəyişikliklə əlaqələndirdiyini təsdiqləyib.
A.Mirzoyanın sözlərinə görə, Bakı danışıqlar zamanı bunu birbaşa tələb kimi irəli sürməsə də, sənədin imzalanması mərhələsində Konstitusiya məsələsini gündəmə gətirir:
“Deyirlər ki, bu, sizin daxili işinizdir, amma siz Konstitusiyanı dəyişənə qədər biz sazişi imzalamayacağıq”.