Seneqal korrupsiya ilə mübarizədə Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır

Seneqal korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa və təcrübə mübadiləsinə, o cümlədən Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir.

Bu barədə Seneqalın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Ofisinin (OFNAC) sədri Mustafa Ka Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2024-cü ildəki siyasi dəyişikliklərdən sonra korrupsiya ilə mübarizə Seneqal hökumətinin prioritetlərindən birinə çevrilib.

"Yeni hakimiyyət korrupsiya ilə mübarizəni prioritetə çevirib. Bizim vəzifəmiz beynəlxalq standartlara cavab verən müvafiq hüquqi bazanın, eləcə də güclü və səmərəli institutların yaradılmasından ibarətdir", - o qeyd edib.

M.Ka bildirib ki, 2025-ci ildə Seneqalda antikorrupsiya orqanının fəaliyyətini tənzimləyən qanunvericilikdə islahatlar aparılıb: "İndi bizim agentliyin üzvləri müsabiqə əsasında təyin olunurlar. Biz dövlət qulluqçularının əmlakı barədə bəyannamələri qəbul edirik, korrupsiya faktları üzrə araşdırmalar aparırıq və aidiyyəti işləri səlahiyyətli məhkəmə orqanlarına veririk".

M.Ka, həmçinin görüşün təşkilinə görə Azərbaycan hakimiyyətinə öz minnətdarlığını bildirib.

O, həmçinin Bakının onun xoşuna gəldiyini qeyd edib: "Bakı çox müasir, lakin bununla belə öz tarixi abidələrini, tarixini və mədəniyyətini qoruyub saxlamış bir şəhərdir. Biz Azərbaycan xalqının mədəni baxımdan zənginliyinə və xüsusən də qonaqpərvərliyinə xoş mənada təəccübləndik".