Bakı, 28 oktyabr, AZƏRTAC Avropa Şurasının süni intellekt üzrə Çərçivə Konvensiyası rəqəmsal mühitdə dini dözümsüzlük probleminin həlli üçün mühüm imkanlar yaradır.AZƏRTAC xəbər verir ki, bu fikri Avropa Şurası Baş katibinin antisemitizm, müsəlmanlara qarşı nifrət və dini dözümsüzlüyün bütün formaları üzrə Xüsusi nümayəndəsi İren Kitsou-Milonas Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında səsləndirib.Xüsusi nümayəndə bildirib ki, rəqəmsal mühitdə dini dözümsüzlük məsələsinin nəzərdən keçirilməsi Avropa Şurasının bu sahədə həyata keçirdiyi son mühüm təşəbbüslərdəndir. O, sözügedən problemin təşkilatın normativ-hüquqi bazasına daxil edilməsi yollarını müəyyənləşdirmək məqsədilə üzv dövlətlərin hökumət ekspertləri və müvafiq komitələrlə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.İren Kitsou-Milonas bu kontekstdə media savadlılığının artırılması və informasiya cəmiyyətinin inkişafı məsələlərinin də xüsusi önəm daşıdığını vurğulayıb.O, həmçinin Avropa Şurasının 46 üzv dövlətinin iştirakı ilə formalaşmış hüquqi və texniki təcrübəsindən dini dözümsüzlüklə mübarizədə səmərəli istifadə olunmasının vacibliyini qeyd edib. Müxbirlər – Lalə Minasazova, Günel Türksoy, Göyçək Mahmudlu Fotoqraf – Azər İbrahimov Videooperator – Ceyhun Mustafayev