“Azərbaycan dinlərarası dialoq və əməkdaşlıq mərkəzi kimi tanınır” - Allahşükür Paşazadə

“Azərbaycanın dünyada sivilizasiyalararası və dinlərarası dialoq mərkəzi, eləcə də dini əməkdaşlıq məkanı kimi qəbul olunması, şübhəsiz ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı paneldə deyib.

“Azərbaycan müstəqil dövlət kimi sivilizasiyalararası dialoqun inkişafına töhfə verir, beynəlxalq nüfuzunu möhkəmləndirir, bəşəri dəyərlərə xüsusi diqqət və qayğı göstərir.

İşğaldan azad edilmiş ərazilərimizdə məscidlər və digər dini-mədəni abidələr bərpa olunur, tarixi irsimizin qorunması istiqamətində işlər görülür. Alban məbədlərinin bərpası da Azərbaycan xalqının milli-mənəvi dəyərlərə bağlılığının, dini irsə hörmətinin və multikultural ənənələrinin göstəricisidir.

Bu yanaşma Azərbaycanın dini müxtəlifliyi milli sərvət kimi dəyərləndirən tolerantlıq siyasətinin təzahürüdür.

Azərbaycan Qarabağın işğaldan azad edilməsindən sonra da sivilizasiyalararası dialoqun inkişafına, dini-mənəvi dəyərlərin qorunmasına və dinlərarası əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Ölkəmiz beynəlxalq dialoq platformalarında fəal iştirak edir.

Forumun təşkilatçısı olan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığımız yüksək səviyyədədir. Mədəniyyətlər və dinlərarası dialoq sahəsində təşəbbüslərin inkişafına verdikləri töhfələrə görə təşkilatın rəhbərliyinə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinə və BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisinə dərin təşəkkürümüzü bildiririk”.

Çıxışda Azərbaycanda dini həmrəyliyin möhkəmləndirilməsi, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında əməkdaşlığın inkişafı, eləcə də ölkəmizin sülh və təhlükəsizliyə verdiyi töhfələr vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanda dini liderlərin birliyi, dövlətlə dini icmalar arasında əməkdaşlıq və milli-mənəvi dəyərlərin qorunması cəmiyyətin həmrəyliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

Çıxışda ölkəmizin təhlükəsizliyinin qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və milli köklərə bağlılığın vacibliyinə də diqqət çəkilib. Dövlət başçısının həyata keçirdiyi siyasətə toxunularaq Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında tutduğu mövqenin əhəmiyyəti qeyd edilib.

Sonda müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin bir arada yaşamasının əhəmiyyəti vurğulanıb və Qurani-Kərimdən ayə ilə çıxışa yekun vurulub.