İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya var.
Hadisə 2025-ci ilin avqustunda Södertälje yaxınlığındakı Mörkö yarımadasında baş verib.
Torpağı qazarkən xəzinə ilə qarşılaşan cütlük əraziyə arxeoloqların çağırılmasına səbəb olub. Aparılan qazıntılar zamanı mis qazanın içərisində gizlədilmiş minlərlə gümüş sikkə, üzüklər, kulonlar və müxtəlif bəzək əşyaları aşkarlanıb.
İlkin araşdırmalarda sikkələrin sayının təxminən 20 min olduğu ehtimal edilsə də, ətraflı tədqiqatlar nəticəsində onların sayının 24 min 100 olduğu müəyyənləşdirilib.
Arxeoloqlar tapıntıların vikinqlər dövrünə və erkən orta əsrlərə aid olduğunu müəyyən ediblər. Sikkələrin bir hissəsində XII əsrdə hakimiyyətdə olmuş İsveç kralı Knut Erikssonun adı yer alır.
Hörninqsholm xəzinəsi adlandırılan kolleksiya İsveçdə indiyədək aşkar edilmiş ən böyük sikkə xəzinəsi kimi qeydə alınıb. Mütəxəssislər tapıntıların həmin dövrün ticarət əlaqələri, iqtisadiyyatı və ictimai həyatı haqqında mühüm məlumatlar verəcəyini bildiriblər.
İsveç Milli İrs Şurası 2026-cı il mayın 21-də xəzinənin dövlət tərəfindən satın alınması və onu tapan cütlüyə 4 milyon İsveç kronu mükafat ödənilməsi barədə qərar qəbul edib.
Mükafatın məbləği tapıntıların mədəni və tarixi dəyəri nəzərə alınmaqla müəyyənləşdirilib. Bu ödəniş İsveçdə tarixi tapıntıya görə nəzərdə tutulan ən yüksək məbləğ kimi qiymətləndirilib.