Abşeronda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs Abdurrəhman Həsənlinin cinayət işinin bəzi detalları məlum olub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, Abdurrəhman Həsənli 2025-ci ilin yanvarında hərbi xidmətdən qayıtdıqdan sonra anası Gülbəs Həsənova ilə arasında ailə-məişət zəminində mübahisələr yaranıb. Hadisə 2025-ci ildə saat 10 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi, Azadlıq küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib.
Belə ki, hadisə günü anası ona gecələr evə gəlməməsi, heç bir işlə məşğul olmaması və avara həyat tərzi keçirməsi ilə bağlı irad bildirib. Həmçinin kiçik bacısının onun və atasının təzyiqləri səbəbindən bir neçə il əvvəl evi tərk edərək ayrı yaşamağa başlamasını da xatırladıb.
Bundan sonra Abdurrəhman Həsənli anasından yüksək səslə deyil, sakit danışmasını tələb edib, əks halda həm onu, həm də yaşadıqları evi yandıracağını bildirib. Ana ilə oğul arasında qarşılıqlı nalayiq ifadələrin işlədildiyi mübahisənin təxminən bir saat davam etdiyi qeyd olunub.
Mübahisə zamanı Abdurrəhman Həsənli anasını yandıraraq qəsdən öldürmək və yaşadıqları evi yandırmaq qərarına gəlib. O, evin həyətindən içərisində benzin olan butulkanı götürərək evə daxil olub.
Həmin gün saat 11 radələrində təqsirləndirilən şəxs mübahisənin baş verdiyi evin yataq otağının döşəmə və divarlarına nizamsız şəkildə benzin töküb. Daha sonra anasının bədəninin müxtəlif nahiyələrinə benzin tökərək alışqan vasitəsilə yandırıb.
İttihamda bildirilir ki, Abdurrəhman Həsənli əməli nəticəsində anasına xüsusi ağrı və iztirab verdiyini dərk edib, hadisə zamanı evdə olan böyük bacısının da gözü qarşısında baş verənlərin həm anasına, həm də bacısına xüsusi əzab verdiyini anlayaraq xüsusi amansızlıq nümayiş etdirib.
Yanğın baş verdikdən sonra Abdurrəhman Həsənli atası ilə birlikdə onu söndürməyə çalışıb. Lakin Gülbəs Həsənova müalicə üçün aparıldığı tibb müəssisəsinin yanıq şöbəsində həyatını itirib.
Məhkəmə materiallarında göstərilib ki, qadının baş, boyun, sifət, hər iki yuxarı və aşağı ətrafları, eləcə də gövdəsinin ön, arxa və yan səthləri daxil olmaqla, ümumi bədən səthinin 60–65 faizini əhatə edən II–III–IV dərəcəli termiki alov yanıqları olub. Ölümünə ümumi bədən səthinin 60–65 faizini əhatə edən ağır dərəcəli yanıq intoksikasiyası səbəb olub.
Xəsarətlər dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub.
Beləliklə, Abdurrəhman Həsənli anası Gülbəs Həsənovanı xüsusi amansızlıqla qəsdən öldürüb.
Məhkəmə iclasında ifadə verən Abdurrəhman Həsənli özünü təqsirli bilməyib. O, ailədə uzun müddətdir söz-söhbət və mübahisələrin olduğunu, hadisə günü də valideynləri arasında yaranan mübahisəni sakitləşdirə bilmədiyini söyləyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ailədəki problemlər əsasən evin satılması və onun dəyərinin ailə üzvləri arasında bölüşdürülməsi ilə bağlı olub. O, evdəki səs-küyün qonşulara qədər yayıldığını, ailə üzvlərinə dəfələrlə mübahisəni dayandırmaları barədə xəbərdarlıq etdiyini deyib.
Abdurrəhman Həsənli qeyd edib ki, hadisə günü evə daxil olduqda anası ilə atası arasında mübahisə və qarşılıqlı təhqirlər davam edib. O, valideynlərindən mübahisəni sakit şəkildə aparmalarını və ailə problemlərini qonşuların eşitməsinə imkan verməmələrini istəyib.
Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə evdən çıxıb, daha sonra geri qayıdaraq ailə üzvlərini yenidən xəbərdar edib. Evin satılması, ailə üzvlərinin oradan köçməsi və pulun bölüşdürülməsi barədə mübahisələr davam edib.
“Əgər söz-söhbət evə görədirsə, ev olmasın, söz-söhbət də bununla bitər”, – deyə düşündüyünü bildirən Abdurrəhman Həsənli evi yandırmaqla ailə üzvlərini qorxutmaq və mübahisəyə son qoymaq istədiyini iddia edib.
Abdurrəhman Həsənli ifadəsində söyləyib ki, əvvəlcə atasının avtomobilindən benzin götürməyi düşünüb. Lakin həyətlərindəki manqalın içərisində butulkada benzin olduğunu görərək onu götürüb. Butulkanın içərisində təxminən 100–200 qram benzin olub. Təqsirləndirilən şəxs otağa daxil olaraq ailə üzvlərinə evi yandıracağını deyib və çölə çıxmaları barədə dəfələrlə xəbərdarlıq edib.
O, ailə üzvlərinin xəsarət almasını istəmədiyini, onları həm təhlükədən xəbərdar etmək, həm də evi həqiqətən yandıracağına inandırmaq məqsədilə belə etdiyini söyləyib.
Abdurrəhman Həsənlinin ifadəsinə əsasən, evin girişində dəhliz, onun qarşısında isə yataq otağı yerləşib. O, benzini əvvəlcə dəhlizə, daha sonra yataq otağının qarşısına töküb. Butulkada qalan benzini də həmin otaqda yerə atıb.
Abdurrəhman Həsənli bildirib ki, həmin vaxt anası və bacısı otaqda olublar. Benzini nizamsız şəkildə tökdüyünü, anasının bədəninə və ya paltarına benzin düşüb-düşmədiyini görmədiyini iddia edib.
O, anasının həmin vaxt evdə olduğunu dəqiq bildiyini, lakin məqsədinin ona zərər vermək deyil, ailə üzvlərini qorxutmaq olduğunu söyləyib. Benzini tökdükdən sonra ailə üzvlərinə evdən çıxmaları barədə yenidən xəbərdarlıq edib. Daha sonra alışqanı yandıraraq yerə vurub və evdə yanğın başlayıb.
Abdurrəhman Həsənli deyib ki, alışqanı yerə vurduğu vaxt anası, atası və bacısı otaqda olublar. Onun iddiasına görə, alışqandan istifadə etdikdən sonra bir anlıq şok vəziyyətinə düşüb, hər yerin alışdığını və öz corablarının da yandığını görüb.
Təqsirləndirilən şəxs həmin anda Gülbəs Həsənovanın yanıb-yanmadığına fikir vermədiyini, diqqətinin öz ayaqlarına yönəldiyini deyib. Abdurrəhman Həsənli anasının yanmasını bilavasitə görmədiyini, bacısının onu söndürdükdən sonra vəziyyətdən xəbər tutduğunu iddia edib.
İfadəsində atasının yanğını söndürmək üçün vedrə ilə su daşıdığını, ondan da su gətirməsini tələb etdiyini bildirən Abdurrəhman Həsənli daha sonra bir vedrə su götürərək evə tökdüyünü söyləyib.
O, hadisədən sonra anasının görünüşündə ciddi xəsarət görmədiyini düşündüyünü, buna görə də vəziyyətin ağırlığını dərhal anlamadığını bildirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, ardınca atasına anasını xəstəxanaya aparmaq lazım olduğunu deyib və qadın ailə üzvlərinin avtomobili ilə tibb müəssisəsinə aparılıb.
Abdurrəhman Həsənli ifadəsinin davamında anası ilə münasibətlərinin ümumilikdə yaxşı olduğunu, onu sevdiyini və heç vaxt öldürmək niyyətində olmadığını deyib. O, ailədəki mübahisələrin əsasən valideynləri arasında baş verdiyini, anasının atasına qarşı nalayiq ifadələr işlətməsinin qarşısını almağa çalışdığını söyləyib.
Təqsirləndirilən şəxs anasını qorxutmaq istədiyini, atası ilə bağlı belə bir məqsədinin olmadığını da bildirib. Onun sözlərinə görə, atası xəbərdarlıqlarına əməl etdiyi halda, anasını sakitləşdirmək cəhdləri nəticə verməyib.
Abdurrəhman Həsənli az miqdarda benzinin belə böyük yanğına səbəb ola biləcəyini bilmədiyini desə də, bunun məsuliyyətdən azad etmədiyini anladığını qeyd edib.
Məhkəmədən ədalətli cəza təyin olunmasını xahiş edən Abdurrəhman Həsənli törətdiyi əməldə xüsusi amansızlıq olmadığını iddia edib.
Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. (Pravda.az)