ABŞ Prezidenti Donald Tramp Venesuelanın 1 milyon barel neft daşıyan tankeri şəklində "hədiyyəsini" yaxın saatlarda Texas ştatının limanlarından birində qəbul etməyi planlaşdırır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Tramp jurnalistlərlə söhbətində Venesuelanın ABŞ-yə təmənnasız verdiyi nefti daşıyan tankeri Texasda yoxlayıb-yoxlamayacağı ilə bağlı suala cavab verib.
"Anladığım qədərilə, bəli", - deyə o bildirib.
"Biz Venesuelanı çox uğurla nəzarət altına aldıq. Onlar mənə hədiyyə olaraq 1 milyon barel neft göndəriblər. Mən də bunu Amerika Birləşmiş Ştatlarına təhvil verirəm", - deyə Tramp qeyd edib.
"Biz 1 milyon barel neft qəbul edəcəyik. Mən də onu sizə verəcəyəm ki, istədiyiniz kimi istifadə edəsiniz", - deyə ABŞ lideri əlavə edib.
Tramp dünya bazarlarında neftin qiymətlərinin tezliklə aşağı düşəcəyini də proqnozlaşdırıb.
"Neftin qiymətləri çox tezliklə və kəskin şəkildə düşəcək", - deyə o iddia edib.
Amerika mətbuatının məlumatına görə, Tramp Venesuela nefti daşıyan tankeri Port-Artur limanında yoxlayacaq.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə hücum edib, ölkə Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi ələ keçirərək ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəməyə çıxarılıblar.
Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun hakimiyyəti dövründə ölkənin icraçı vitse-prezidenti olmuş Delsi Rodriges icra edir.