Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakı, 27 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir.Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışını şərh edərkən bildirib. Nigar Arpadarai qeyd edib ki, XX əsrin ikinci yarısında, xüsusilə 1960–1980-ci illərdə multikulturalizm ideyası bir sıra Qərb ölkələrində dövlət siyasətinin mühüm istiqamətinə çevrildi: “Müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların dinc yanaşı yaşaması, tolerantlıq və qarşılıqlı hörmət həmin cəmiyyətlərin əsas dəyərləri kimi təqdim olunurdu. Lakin bu gün həmin ölkələrin bir qismində inteqrasiya, ictimai həmrəylik və müxtəlif icmalar arasında münasibətlərlə bağlı böhran yaşanır. Bu mənzərə mühüm bir sual doğurur: multikulturalizm niyə bəzi cəmiyyətlərdə dayanıqlı ictimai modelə çevrilir, digərlərində isə ancaq sözdə qalır? Bəlkə də, cavab onun yalnız dövlət siyasəti və institusional mexanizmlər vasitəsilə deyil, cəmiyyətin öz tarixi və sosial quruluşu daxilində formalaşmasında axtarılmalıdır”, - deyə Nigar Arapadarai bildirib.Deputat vurğulayıb ki, Azərbaycanın təcrübəsi bu baxımdan fərqli yanaşma təqdim edir: “Ölkəmizdə multikulturalizm yalnız rəsmi bəyanatlar, dövlət proqramları tədbirlərlə məhdudlaşmır. O, müxtəlif etnik, dini və mədəni mənsubiyyətlərə malik insanların ortaq cəmiyyətin bir hissəsi kimi yaşaması ənənəsinə söykənir.Prezident İlham Əliyevin Forumdakı çıxışında vurğuladığı kimi, Azərbaycanda həmrəyliyin, qarşılıqlı hörmətin və anlaşmanın yüksək səviyyəsi hiss olunur. Bu birliyin əsasını təşkil edən milli ideyalardan biri azərbaycançılıqdır. Azərbaycançılıq müxtəlif etnik və dini mənsubiyyətlərə malik insanları vahid dövlət və cəmiyyət ətrafında birləşdirən ortaq kimlikdir. Bu həmrəyliyin ən çətin sınaqlardan keçərək möhkəmləndiyini müstəqillik tariximiz də göstərir. Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanın özünəməxsusluğunu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyünü bərpa etmək uğrunda birlik nümayiş etdirdilər. Prezidentin ifadə etdiyi “Dəmir yumruq” rəmzi məhz bu milli həmrəyliyin və ortaq məqsəd ətrafında birləşməyin təcəssümünə çevrildi.Azərbaycan modelinin əsas xüsusiyyəti müxtəlifliyin vahid mədəni təməl üzərində birləşməsidir. Bu təməl müxtəlif xalqların, dini icmaların, regionların və mədəni ənənələrin töhfələri ilə formalaşmış Azərbaycan mədəniyyətidir. Başqa sözlə, fərqliliklər ümumi kimliyi zənginləşdirir”.N.Arpadarai diqqətə çatdırıb ki, multikulturalizmin davamlılığı üçün yalnız müxtəlifliyi tanımaq kifayət deyil. “İnsanları birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və mənsubiyyət hissi də vacibdir. Cəmiyyətin birliyini qorumaqla mədəni müxtəlifliyi yaşatmaq arasında tarazlığın yaradılması bu modelin əsas xüsusiyyətlərindəndir. Məhz buna görə Azərbaycanın multikulturalizm təcrübəsi beynəlxalq dialoq baxımından diqqətəlayiqdir. Onun əsas mesajı budur: müxtəliflik cəmiyyətin parçalanmasına deyil, ortaq mədəni irsin və gələcəyin formalaşmasına töhfə verə bilər”, - deyə o əlavə edib. Müxbir - Pərvanə Qafarova