Osimhen derbidəki qələbə və Batrakov haqda nələr dedi?

''Qalatasaray''ın 2:1 qalib gəldiyi derbiyə öz qolları ilə damğa vuran Viktor Osimhen növbəti dəfə komandasının lideri və döyünən ürəyi olduğunu sübut etdi.

Nigeriyalı ulduz matçın ardından həm qələbəni dəyərləndirdi, həm də ümidləri doğrultmağa başlayan rusiyalı yeni transfer Aleksey Batrakov haqda danışdı:

''Çempion olmaq üçün derbiləri qazanmaq önəmlidi. Biz də bu böyük derbidə üstün olaraq aktivimizə 3 xal yazdıq. Çox sevincliyik. Bu gün komandanın da, fanatların da performansı əla idi. Fanatlarımız rəqibi təzyiq altında saxlayaraq bizi gözəl şəkildə dəstəklədilər. Məşqçinin seçdiyi taktikanı doğru şəkildə həyata keçirdik. Həftəboyu bu oyun haqda öz aramızda çox müzakirələr apardıq. Bu klubu çox sevirəm və bu klub üçün hər şeyimi verəcəm. Sosial şəbəkələrdə yazılanlara fikir vermirəm. Fanatlar bura gəldiyim gündən mənim arxamdadılar. Lazımsız şeylərə yox, fanatların dəstəyinə köklənirəm. Daha böyük uğurlara imza atacağımıza inanıram. Batrakov qeyri-adi istedada malik olan və mükəmməl bir insandı. Paltardəyişmə otağında da sevilir. Ölkə və ''Qalatasaray''la bağlı hər şeyi, eləcə də klubun əfsanələrini öyrənməyə çalışır. Cəmi 2 aydı, burda olsa da, sanki iki ildi burdadı. Batrakovun əvvəlki oyunlarını izləmişəm. Hansı epizodda ondan necə ötürmə gözləyəcəyimi artıq bilirəm. Əvvəlki klubunda hücumçularla olan anlaşmasını da izlədim. Mənə hansı zonalara açılmalı olduğumu anlatdı. Belə bir oyunçu başqa klubda olsa, paxıllığım tutardı. Ümid edirəm ki, zədələnməyəcək və uzun müddət bizə faydalı olacaq. Ona uğurlar arzulayıram''.