Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda "Türkmənqaz" və "Türkmənnebit" dövlət konsernlərinin müvafiq institutları ilə elmi-tədqiqat əlaqələrinin qurulmasında və genişləndirilməsində maraqlıdır.
Day.Az bildirir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Nüsrət Əliyev Aşqabadda keçirilən 31-ci Beynəlxalq "Oil and Gas of Turkmenistan" (OGT 2026) konfransı və sərgisi çərçivəsində Trend-ə bildirib.
"SOCAR Türkmənistanda elmi-tədqiqat əlaqələrinin inkişafında da maraqlıdır. Xüsusilə, "Türkmənqaz" və "Türkmənnebit"in elmi-tədqiqat institutları ilə əlaqələrin qurulmasında maraqlıyıq", - deyə o bildirib.
Onun sözlərinə görə, SOCAR-ın Türkmənistanla əməkdaşlığı 2020-ci ildən etibarən fəal şəkildə inkişaf edir.
"Bildiyiniz kimi, 2021-2022-ci illərdə Azərbaycanın daxili tələbatını ödəmək məqsədilə Türkmənistandan qaz almışıq. Bu əməliyyat iki ölkə arasında uğurla həyata keçirilib", - deyə N.Əliyev qeyd edib.
O, həmçinin ikitərəfli münasibətlərin, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin şirkətin fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qaldığını vurğulayıb.
"Bildiyiniz kimi, dövlət başçılarımızın birgə görüşü zamanı Azərbaycan və Türkmənistan arasında əlaqələrin daha da genişləndirilməsi, xüsusilə neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub. Dövlət başçımızın tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəaliyyətimizi davam etdiririk. SOCAR 2023-cü ildə Türkmənistanda nümayəndəliyini açıb və orada fəaliyyətini müsbət istiqamətdə davam etdirir", - deyə şirkət nümayəndəsi bildirib.
N.Əliyev SOCAR-ın beynəlxalq fəaliyyətini genişləndirdiyini və müxtəlif ölkələrdə layihələrdə fəal iştirak etdiyini də əlavə edib.
"Eyni zamanda, SOCAR beynəlxalq arenada fəaliyyətini genişləndirir və müxtəlif ölkələrdə layihələrdə fəal iştirak edir. Şirkət Türkmənistanda keçirilən builki sərgi və konfransın əsas sponsorudur. SOCAR prezidentimizin göstərişlərinə uyğun olaraq regiondakı fəaliyyətini genişləndirmək niyyətindədir və bu istiqamətdə fəal iş aparır. Ümid edirəm ki, gələcəkdə bu işin nəticələrini görəcəksiniz", - deyə o vurğulayıb.