“Turan Tovuz”un gizli agenti…

Premyer-liqanın 9-cu turunda çempionluğa iddialı “Neftçi” “Turan Tovuz”u qəbul etdi. “Ağ-qaralar” debütdə rəqib qarşısında çətinlik çəkirdi. Ardıcıl iki oyunda çempionluğa iddialılardan “Sabah”la “Qarabağ”dan xal alan flaqman bu dəfə sanki qəsdən xal itirmək istəyirmiş kimi təsir bağışlayırdı.

Ötən tur “İmişli”yə məğlub olan, oyunu alınmayan “bozqurd” isə bu dəfə tam fərqli – daha inamlı və mübariz görünürdü. İlk hissənin ortalarına qədər qələbəyə ümid edə bilən “Neftçi” 30-cu dəqiqədə bu ehtimalı daha da çətinləşdirdi. İqor Ribeyro əks-hücuma çıxan İbrahima Vacini dayandırmaq əvəzinə karate fəndini xatırladan hərəkətlə rəqibinin başına zərbə endirərək onu yerə sərdi. Nəticədə braziliyalı müdafiəçi qırmızı vərəqə ilə meydandan qovuldu.

“Neftçi” azlıqda qalmasına baxmayaraq, hesabda önə keçdi. Lakin 10 nəfərlə oynamaq “ağ-qaralar” üçün çətindi, onlar qələbə hesabını qoruya bilmədi.

Ən maraqlı məqam isə İqor Ribeyronun bu hərəkəti ilk dəfə etməməsidi. Braziliyalı futbolçu ötən mövsüm də “Turan Tovuz”la qarşılaşmada komandasını azlıqda qoymuş, ardından üç oyunu cəza səbəbindən buraxmışdı. İndi isə eyni ssenari təkrarlandı.

Matçdan sonra “Neftçi”nin baş məşqçisi Yuri Vernidub da Ribeyronun rəqibə müdaxilə etmədən topu qazanmaq imkanı olduğu halda, niyə belə hərəkətə əl atdığını izah edə bilmədi.

Görüşün ilk dəqiqələrində Vaci ilə bir neçə dəfə qarşı-qarşıya gələn müdafiəçi, görünür, sonda əsəblərinə hakim ola bilməyib. Amma bu hərəkət nə “Neftçi”yə, nə də futbolçunun özünə xeyir verdi. Ribeyronun bu epizoda görə azı 2 oyunluq cəza alacağı da aydındı.

Bəs futbolçu belə hərəkətin həm özünə, həm də komandasına zərər vuracağını bildiyi halda, niyə belə etsin? Təbii ki, “Turan Tovuz”un agenti deyilsə…