Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın artırılması və ölkənin qlobal rəqabətqabiliyyətliliyinin gücləndirilməsi istiqamətində süni intellekt üzrə observatoriya yaradılır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubu oxuyarkən deyib.
Məktubda bildirilib ki, İqtisadiyyat Nazirliyi ilə AI Universiteti arasında AI Hub çərçivəsində rəqabətqabiliyyətlilik və iqtisadi transformasiya üzrə “AI Azerbaijan Observatory”nin yaradılması və inkişaf etdirilməsinə dair çərçivə əməkdaşlıq sazişi imzalanıb.
Qeyd olunub ki, observatoriya akademik dairələri, dövlət qurumlarını və biznes sektorunu bir araya gətirərək iqtisadi inkişafla bağlı bilik və təcrübə mübadiləsini genişləndirəcək, eləcə də qərarların qəbulunda elmi araşdırmalara və beynəlxalq təcrübəyə əsaslanan yanaşmaların tətbiqinə dəstək verəcək.
Mikayıl Cabbarovun məktubunda vurğulanıb ki, əsaslandırılmış iqtisadi siyasətin formalaşdırılması üçün sübutlara əsaslanan tədqiqatlar və beynəlxalq ekspertiza mühüm əhəmiyyət daşıyır. Observatoriyanın fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın artırılması, rəqabətqabiliyyətliliyin gücləndirilməsi və beynəlxalq təcrübənin müqayisəli təhlili kimi istiqamətləri əhatə edəcək. Tədqiqatların nəticələrinin praktiki siyasət tövsiyələrinə çevrilməsi üçün müvafiq müzakirələrin aparılması da nəzərdə tutulur.
Məktubda qeyd edilib ki, texnoloji dəyişikliklərin iqtisadi səmərəyə çevrilməsi üçün liderlik və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi vacibdir. Texnologiyaların tətbiqi yalnız onların mənimsənilməsi ilə məhdudlaşmamalı, məhsuldarlığın və yaradılan əlavə dəyərin artmasına xidmət etməlidir.
Bildirilib ki, Azərbaycan startaplarının və sahibkarlarının beynəlxalq innovasiya şəbəkələri, investorlar və ekspertlərlə əlaqələrinin genişləndirilməsi perspektivli ideyaların inkişafına, yeni bazarlara çıxışa və investisiyaların cəlb edilməsinə şərait yarada bilər.
Bu məqsədlə ölkədə innovasiyaların təşviqi üçün müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Məktubda qeyd edilib ki, startaplar, investorlar və texnologiya parklarının rezidentləri, o cümlədən operatorları tədqiqat və inkişaf fəaliyyəti, sahibkarlıq investisiyaları və beynəlxalq istedadların cəlb edilməsi ilə bağlı təşviqlərlə yanaşı, 20 ilədək vergi güzəştlərindən yararlana biləcəklər.
Mikayıl Cabbarovun məktubunda vurğulanıb ki, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, müasir texnologiyaların mənimsənilməsi və innovasiya potensialının artırılması Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindəndir.
“Əsas məqsəd beynəlxalq bilik və ekspertizanı Azərbaycanın iqtisadi prioritetləri ilə əlaqələndirmək, insan kapitalına yatırılan investisiyaları yüksək məhsuldarlığa və konkret iqtisadi nəticələrə çevirməkdir”, – deyə məktubda bildirilib.
Qeyd olunub ki, IE Liderlik və İnnovasiya Mərkəzinin fəaliyyəti insan kapitalının inkişafına, innovasiya ekosisteminin genişlənməsinə və Azərbaycanın qlobal iqtisadi rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə töhfə verməlidir.