Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçib

Bakı, 27 oktyabr, AZƏRTACOktyabrın 27-də Bakıda FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə master-klass təşkil olunub. AZƏRTAC xəbər verir ki, AFFA-nın dəstəyi ilə FIFA tərəfindən keçirilən tədbirdə Azərbaycan Premyer Liqası klublarının və milli komandaların baş məşqçiləri, köməkçi məşqçilər, eləcə də milli assosiasiya nümayəndələri iştirak ediblər.Zəngin təcrübəsinə əsaslanan Arsen Venger məşqçilik fəaliyyəti, futbolçuların yetişdirilməsi və müasir futbolun dəyişən tələbləri barədə fikirlərini bölüşüb. Görüşün əvvəlində AFFA-nın baş katibinin müavini Elçin Məmmədov fransalı mütəxəssisi salamlayaraq ona Azərbaycan milli komandasının formasını təqdim edib.Seminar çərçivəsində Premyer Liqa klubları tərəfindən əvvəlcədən təklif olunan mövzulara toxunulub. Xüsusilə uşaq və gənc futbolçuların inkişafı, akademiyadan əsas komandaya keçid mərhələsi və kollektivin idarə olunması kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb. Ustad dərsinin sual-cavab hissəsində iştirakçılar məşqçilik fəaliyyətində qarşılaşdıqları çətinlikləri bölüşmək və fransalı mütəxəssislə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.