İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf Azərbaycan Respublikasında qızların təhsil hüququndan istifadə etmək üçün hicabdan imtinaya məcbur olduğu iddiasını irəli sürərək azərbaycanlı qızları İran universitetlərində təhsil almağa dəvət edib.
Azərbaycanın Elm və Təhsil Nazirliyindən bu iddiaya dərhal cavab gəlib.
Nazirlik vurğulayıb ki, Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur: “Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.
İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar.
İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.
İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər”.
Oktyabrın 26-da isə Azərbaycanın 50-dən çox qeyri-hökumət təşkilatının rəhbəri İran prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət edib.
Məktubda Pezeşkianın Xankəndi və Şuşaya səfəri, Azərbaycan-İran münasibətlərinə verdiyi önəm, Prezident İlham Əliyevlə qarşılıqlı hörmətə əsaslanan əlaqələri, eləcə də Azərbaycan dilinə və milli-mənəvi dəyərlərə münasibəti yüksək qiymətləndirilib.
Müraciət müəllifləri İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququnun təmin edilməsinin vacibliyini vurğulayıblar, bildiriblər ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi həm tarixi ədalət, həm də mənəvi məsuliyyət məsələsidir. Məktubda İran Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının reallaşdırılması üçün əməli addımlar atılmasına çağırış edilib.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan dilinin məktəblərdə sistemli tədrisini, bu dildə orta və ali təhsil müəssisələrinin yaradılmasını, müəllim kadrlarının hazırlanmasını, dərslik və tədris proqramlarının işlənməsini, eləcə də zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılmasını təklif ediblər. Onlar bu təşəbbüslərin həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıblar.
Azərbaycan İranla münasibətlərdə Güney azərbaycanlıların hüquq və azadlıqları məsələsini necə gündəmə gətirməlidir? Belə bir diplomatiya nə kimi nəticələr verə bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Sədrəddin Soltan deyib: “Təxminən dörd il öncə, 2022-ci ilin noyabrında Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev bəyan etdi ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Azərbaycan Prezidenti onu da bildirdi ki, bu məsələlərə baxılmalı, bu məsələ qaldırılmalıdır. Dövlət başçısının həmin konfransda vurğuladığı kimi, biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq, amma söhbət bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsindən gedir və biz buna biganə qala bilmərik.
Ona görə azərbaycanlıların hüquqlarını, xüsusən ana dili hüququnu tələb etmək, istəmək müxtəlif səviyyələrdə, o cümlədən rəsmi səviyyədə mümkündür. Ana dili məsələsi insan hüquqlarına aiddir. İnsan hüquqları isə bir ölkənin, dövlətin daxili işi olmur.
Bundan başqa, İranda Azərbaycan türkləri etnik azlıq deyil, çoxluqdur. Çoxluğun hüququnun tapdanması isə faşizmdir. Çünki bir millətin dilini əlindən alıb onu assimilyasiya etməklə onu cismən öldürmək arasında fərq yoxdur. Hər iki halda millətin nümayəndəsi ölür, yox olur.
İranda panfarsizm azərbaycanlı uşaqlara fars dili vasitəsilə fars düşüncə sistemini aşılayır, Azərbaycan türklərindən manqurt yetişdirməyə çalışır.
Azərbaycan Respublikası mədəniyyətlərarası dialoq yolu ilə İranda azərbaycanlılar arasında Azərbaycan dilinin, ədəbiyyatının tədrisi üzrə kadrlar hazrlamaqda kömək edə bilər.
Bununla Bakı İran Konstitusiyasında təsbit edilmiş milli bərabərlik, etnosların ana dilində təhsil alması, öz dilində qəzet, jurnal dərc etməsi və başqa bu kimi hüquqların həyata keçməsinə bir növ yardım etmiş olar. Azərbaycanın bu yardımı, töhfəsi İran hakimiyyətini öz konstitusiyasının tələblərini reallaşdırmaq sahəsindəki çətinlikdən qurtara bilər”.
Siyasi şərhçi Elşad Paşasoy Medianews.az-a bildirib ki, Türkiyə ilə Azərbaycan arasında yaşanan son gərginliklərin arxasında İranın da barmağının olduğu ilk gündən məlum idi: “Elə İrana bağlı qüvvələrin etiraz aksiyaları təşkil etməsi və olduqca barışmaz şəkildə Azərbaycana kin-küdurət, nifrət püskürmələri, Azərbaycan dövlətinə, liderinə həqarət etmələri məhz bu prosesin arxasında türk düşmənlərinin koalisiyasının dayandığını deməyə əsas yaradırdı. Çox keçmədi ki, necə deyərlər, xoruzun quyruğu göründü.
İran çox acınacaqlı vəziyyətdədir. Biz qonşuluğumuzdakı gərginlikləri, həm də tarixi torpaqlarında yaşayan, İran vətəndaşı olan on milyonlarla Azərbaycan türkünün taleyini narahatlıqla izləyirik. İran ətrafında çənbər daralıb, bu ölkəyə qarşı növbəti müharibənin anonsları verilir, ABŞ və İsrail hər an onu vura biləcəyi haqda xəbərdarlıqlar edir.
İranda sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Təsəvvür edin ki, insanlar artıq aldıqları yeməyi bölməyə, ərzaqdan qənaətlə istifadə etməyə məcbur olublar. Belə bir durumda İran rəsmilərinin ona hər zaman dost əli uzadan, ən çətin zamanda yanında olan, elə hərbi əməliyyatların keçirildiyi son bir ildən artıq müddətdə də humanitar yardımını əsirgəməyən Azərbaycana qarşı sərgilədiyi mövqeyə baxın. Bu mövqeyə münasibət bildirmək üçün adam yumşaq ifadə tapmaqda çətinlik çəkir.
İran əhalisinin yarıdan çoxu ana dilində təhsil almaq hüququndan məhrum edilib. Azərbaycan Prezidenti 2022-ci il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxış edərkən demişdi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Və bu mənada əlavə etdi ki, əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti ana dilində təhsil almaq imkanından məhrumdur.
Bu sözlər təbii ki, İrana yönəlmişdi. İran rejiminin Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti, bütöv bir xalqı əritmək, sıradan çıxarmaq, fars şovinizminin təkərləri altında məhv etmək üçün bir əsrdən artıqdır həyata keçirdiyi plan göz qabağındadır.
Son olaraq İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrəf bu prosesdə önə çıxıb. Azərbaycan Respublikasının vətəndaşı olan qızları guya Azərbaycanda tətbiq olunan hicab qadağasından çıxış yolu kimi İranda təhsil almağa dəvət edir. Bu, absurddur, qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir və sərsəm bir mövqedir. Azərbaycanlı qızları İranda hansı təhsil sahəsində mütəxəssis kimi yetişdirmək istəyirlər ki, belə boylarından yuxarı tullanırlar?!”
E.Paşasoy qeyd edib ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi kifayət qədər sərrast arqumentlərlə iranlı nazirin iddialarına cavab verib: “Amma görünür ki, geri çəkilmək istəmirlər və İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifin də həddini aşaraq azərbaycanlı qızların İranda təhsil alması üçün göstəriş verməsi və bu barədə “X” platformasında paylaşım etməsi, İrandakı rəsmi qurumlara müvafiq addımlar atmağı tövsiyə etməsi növbəti hoqqabazlıqdır və Azərbaycanın daxili işlərinə qarışmaqdır.
Azərbaycan torpaqlarının 20 faizi işğal altında olduğu dövrdə İran Ermənistanı himayə edib. Torpaqlarımızı azad edəndən sonra da İran Ermənistan ətrafında qırmızı xətlər çəkməyə çalışır. Amma görünür ki, İran özü qırmızı xətləri tapdalamağa adət edib.
İranın birinci vitse-prezidenti, elm və təhsil naziri yaxşı olar ki, 1979-cu ilin islam inqilabından sonra qəbul olunmuş konstitusiyanın 15-ci maddəsinə baxsın. Orada ana dilində təhsil hüququ təsbit edilib. Bəs bu hüquq gerçəkdə həyata keçirilibmi?
İranda hicabla bağlı proseslərin hansı fəlakətlərə səbəb olduğunu son illərdə dəfələrlə görmüşük. 2022-ci ildə hicab qaydalarını pozmaqda ittiham edilən Məhsa Əmini döyülərək öldürüləndən sonra İranda qızlara, qadınlara tutulan divanları görmədikmi?
İndi Azərbaycanın quzeyindən qızları guya təhsilə dəvət edirlər. Onlara harada təhsil vermək istəyirlər? Qumdamı? Xatırlatmaq yerinə düşər ki, elə təkcə son bir ayda 100-ə yaxın İran vətəndaşı edam olunub, onların arasında xanımlar da var. Öz hüquqlarını tələb edənləri edam kürsüsünə çıxaran bu ölkə indi azərbaycanlı qızları da edam kürsüsünə dəvət edirmi? Yaxud İranda azyaşlı qızlara qarşı baş alıb gedən rüsvayçı davranışları kim bilmir? Dünyada bu biabırçılıqla da məşhuri-cahan deyilmi bu ölkə?
İran rəsmiləri öz ayıblarına baxsınlar, Azərbaycanın daxili işlərinə qarışmasınlar. Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində tətbiq olunan vahid geyim qaydalarının İrana aidiyyəti yoxdur. Getsinlər öz məsələləri ilə məşğul olsunlar.
Azərbaycan, təzyiqlərə baxmayaraq, illərdir İrana qarşı hərbi əməliyyatlarda iştirak etmir. İndi ölkəmizə qarşı açıq düşmənçilik etməklə nəyə nail olmaq istəyirlər: Azərbaycanın bu və ya digər formada həmin əməliyyatlara qoşulmasınamı?
Daxili işlərimizə qarışmamaq tələbi Azərbaycanın qırmızı xəttidir. İran bu xətti keçməyi ağlına gətirməməlidir.
Bu həftə Ankarada Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşü keçiriləcək. Hesab edirəm ki, Azərbaycan dövləti İran ərazisində yaşayan, “Haray-haray, mən türkəm!”, “Türk dilində mədrəsə - olmalıdır hər kəsə!” deyə hayqıran soydaşlarımızın hüquqlarının tanınması istiqamətində Türk Dövlətləri Təşkilatı səviyyəsində bir sıra təşəbbüslərlə çıxış edə bilər.
Mən diplomatiyanın İranla bağlı hansısa irəliləyişə gətirib çıxara biləcəyinə şübhə edirəm, çünki İran diplomatiyasının nəyə qadir olduğunu görmüşük. Bu ölkədə diplomatiyanı faktiki olaraq SEPAH və digər güc strukturları əvəzləyir.
Amma İran öz absurd yanaşmasına son qoymağa məhkumdur. İddiaları yalnız və yalnız öz dövlətlərinin əleyhinə yönələcək, İranı bütün qonşuları ilə düşmən edəcək. Onsuz da Tehranın bərbad siyasəti nəticəsində İranla normal münasibəti olan qonşuları qalmayıb”.
Nailə Qasımova,
Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb.