Model sevgilisini döyən iş adamına bu cəza verildi

Model sevgilisini döyərək xəsarət yetirməkdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin cinayət işinin məhkəməsi yekunlaşıb.

Oxu.az-a istinadən, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışları bitdikdən sonra məhkəmə təqsirləndirilənə hökm elan edib.

Məhkəmənin hökmü ilə Ziya Hüseynzadə barəsində tövsif edilmiş CM-nin 182, 177, 186-ci maddələr təsdiqini tapmadığı üçün ona bəraət verilib. CM-nin 221 və 134-cü maddəsinin cəzaçəkmə müddəti bitdiyi üçün ona cəza təyin olunmayıb. Ziya Hüseynzadə CM-nin 133 və 127-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Yekun olaraq Ziya Hüseynzadə barəsində hazırda digər cinayət işi ilə bağlı mövcud olan 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası da üzərinə gələrək ümümilikdə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənə 8 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İttihama qeyd olunur ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin 2021-ci il mayın 26-da baş verdiyi müəyyənləşdirilib. İddia olunub ki, Ziya Hüseynzadə Raziyyat Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.

Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələri ilə ittiham olunur.

Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.

Onu da qeyd edək ki, Ziya Hüseynzadə əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. O, "PKF Audit Azerbaijan" MMC-yə rəhbərlik edir.