Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib

Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hədləri müəyyənləşib.

AZƏRTAC-a istinadən, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Hədlər aşağıdakı kimidir:

heyvandarlıq müəssisələri üçün layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzluya, digər dırnaqlı heyvanların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

quşçuluq müəssisələri üçün 40 000 baş toyuq ekvivalenti (1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla, inkubasiya mərhələsində olanlar istisna edilməklə);

balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları üçün illik məhsul həcmi 500 ton.

Dəyişikliklə aqroparklar göstərilən fəaliyyət növləri üzrə müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox göstəricilərə malik olduqda ƏMTQ-yə cəlb olunacaq.