ADSEA rəsmisi: Yengicə su anbarının tikintisi 2027-ci ildə tamamlanacaq

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Qəbələdə mühüm infrastruktur layihəsinə start verilib.

Bunu açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev bildirib.

Onun sözlərinə görə, strateji əhəmiyyətli Yengicə su anbarı Vəndamçay və Qaraçay çaylarının qovşağında, Yengicə kəndi yaxınlığında inşa olunur:

“Layihənin əsas məqsədi regionda kənd təsərrüfatı təyinatlı torpaqların su təminatını kökündən yaxşılaşdırmaqdır. Ümumilikdə 10 min hektar ərazini əhatə edəcək bu layihəyə Yenikənd, Zalam, Kiçik Əmili, Böyük Əmili kəndlərinin 8 602 hektar, eləcə də Bilix və Məlikli kəndlərinin 1 398 hektar əkin sahəsi daxildir. Həmin torpaqların 3 388 hektarında mövcud suvarma sistemi yaxşılaşdırılacaq, 6 612 hektarında isə tamamilə yeni suvarma şəbəkəsi qurulacaq”.

Agentlik rəsmisi vurğulayıb ki, tikintisi 2024-cü ildə başlanılan hidrotexniki qurğunun ümumi su tutumu 17,5 milyon kubmetr təşkil edəcək. Anbarın bəndinin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr müəyyənləşdirilib.

Qeyd edək ki, intensiv şəkildə davam etdirilən tikinti işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.