Azərbaycan Avropa İttifaqı (Aİ) ilə ikitərəfli tərəfdaşlığın dərinləşməsini əks etdirəcək yeni hüquqi sənədə, eləcə də energetika, nəqliyyat bağlantısı və münaqişədənsonrakı bərpa sahələrində praktiki əməkdaşlığın genişlənməsinə ümid edir.
"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Brüsseldəki Eqmont İnstitutunda Azərbaycan və Avropa İttifaqı analitik mərkəzlərinin forumunda bildirib.
"Avropa institutları rəhbərlərinin bir il ərzindəki səfərlərinin bu cür sıxlığı öz sözünü deyir. Bu, tərəfdaşlığımızın əhəmiyyət daşıdığına və bu gün onun cəmi bir neçə il əvvəlkindən daha vacib olduğuna dair ümumi anlayışı əks etdirir", - F.Şəfiyev qeyd edib.
O, həmçinin nəqliyyat bağlantısının, xüsusilə TRIPP (Tramp Marşrutu) layihəsinin, Orta Dəhlizin inkişafının əhəmiyyətini vurğulayıb: "Bağlantı qarşılıqlı asılılıq yaradır, qarşılıqlı asılılıq isə sabitliyə olan ümumi marağı formalaşdırır".
F.Şəfiyevin sözlərinə görə, Avropa İttifaqı həmçinin postmünaqişə bərpasına, humanitar minatəmizləməyə və Naxçıvanla dəmir yolu əlaqəsinin bərpasına töhfə verə bilər.
O, ayrıca olaraq energetikanı Azərbaycan və Aİ münasibətlərinin mühüm dayağı adlandırıb və Azərbaycanın özünü Avropaya etibarlı təbii qaz tədarükçüsü kimi təsdiqlədiyini vurğulayıb.
F.Şəfiyevin sözlərinə görə, gələcək əməkdaşlıq həm yaxın illərdə Avropanın enerji balansının bir hissəsi olaraq qalacaq karbohidrogenləri, həm də bərpa olunan enerji mənbələrini, eləcə də Xəzər regionu ilə Avropa bazarı arasında "yaşıl enerji dəhlizi"nin yaradılmasını əhatə etməlidir.