Süni intellekt üçün məlumat mərkəzlərinin misə tələbatı ilə bağlı proqnozlar həddindən artıq yüksək ola bilər. Analitiklər misin bahalaşmasının istehlakı məhdudlaşdırdığını və bəzi sahələrdə daha ucuz alüminiumla əvəzlənməni sürətləndirdiyini bildirirlər.
Bu barədə ABŞ-ın əmtəə bazarları üzrə analitik məlumatlar təqdim edən “S&P Global” şirkəti Londonda keçirilən LME Week konfransına istinadən məlumat yayıb.
Böyük Britaniyanın maliyyə məlumatları qrupu “LSEG”in analitiki Bryus Olvey bildirib ki, süni intellekt məlumat mərkəzlərinin mis istehlakına dair bəzi hesablamalarda səhvlər olub. Optik lif texnologiyalarının genişlənməsi də misə ehtiyacı azaldır.
Analitikin proqnozuna görə, dünyanın ən böyük mis istehlakçısı olan Çində illik tələb artımı 2030-cu ilədək 1–1,5%-ə qədər zəifləyə bilər.
Almaniyanın mis emalı şirkəti “Aurubis”in nümayəndəsi Tanya Vinter bildirib ki, misin qiyməti ton üçün 14 min dolları keçdikdə müştərilər sifarişləri dayandırmağa başlayıblar.
Hazırda mis alüminiumdan təxminən 4,8 dəfə bahadır. Analitiklər qiymət fərqinin 6–7 dəfəyə çatacağı təqdirdə əvəzlənmənin sürətlənəcəyini gözləyirlər.