2-ci təsnifat mərhələsində daha 5 oyun

Bu gün futbol üzrə ölkə kubokunda 2-ci təsnifat mərhələsinə start veriləcək. Aşağıda oyunlarla bağlı ətraflı danışacağıq. Lakin əvvəlcə başqa önəmli məqamları diqqətinizə çatdıraq.

Bu mərhələdə həm premyer-liqa, həm də 1-ci və 2-ci liqa komandaları meydana çıxacaq. “Şimal” – “Araz-Naxçıvan”, “Səbail” – “Zirə”, “İmişli” – “Qaradağ Lökbatan” və “Kəpəz” – “Baku Sportinq” qarşılaşmaları “CBC Sport”un efirində canlı yayınlanacaq. Qalan görüşləri isə Peşəkar Futbol Liqasının “AzPFL” “yutub” kanalından canlı izləmək mümkün olacaq. “Şimal”, “Kür-Araz” və “Hypers” meydan sahibləri qismində iştirak etsə də, stadionlarının standartlara cavab verməməsi səbəbindən Əsasnaməyə uyğun olaraq aparılan proseslərin nəticəsində oyunları qonaq komandaların ev görüşlərini keçirdiyi stadionlarda baş tutacaq, qeyd olunan bütün təşkilati məsələləri isə cədvəldə adı 1-ci göstərilən klub həyata keçirəcək. “Səbail” alternativ stadion təqdim edib. Bu komanda 1-ci liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını da “ Bank Respublika Arena”da keçirəcək.

2-ci təsnifat mərhələsində qaliblərin adına bir matçda aydınlıq gələcək. Görüşlər 4 gün ərzində baş tutacaq.

ölkə kuboku, 2-ci təsnifat mərhələsi

27 oktyabr

Şimal – Araz-Naxçıvan

Cəzalı: yoxdu.

Hakimlər: KAMRAN ƏLİYEV, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı, şəhər stadionu. Saat 14.00.

1-ci liqanın ortabablarından olan “Şimal”ın premyer-liqanın “zirzəmi”sində qərarlaşan “Araz-Naxçıvan”la bacaracağı inandırıcı görünmür. Hər halda, ortada səviyyə fərqi var. Ancaq Xaçmaz təmsilçisinin mərhələ adlamaq üçün əlindən gələni edəcəyini, naxçıvanlıların isə böyük güc sərf etmədən qələbə qazanmaq istəyəcəyini proqnozlaşdıra bilərik. Bu cütün qalibi “Marafon” – “Zaqatala” cütünün qalibi ilə qarşılaşacaq.

Marafon – Zaqatala

Cəzalı: Elməddin Hüseynzadə (Marafon).

Hakimlər: İSLAM MƏMMƏDOV, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Törə Əhmədova.

Sabirabad, “Marafon Arena”. Saat 14.00.

Ev oyunlarını təmsil etdiyi bölgədə - Sabirabadda keçirən “Marafon”u mübarizədən kənarlaşdırmaq çətin vəzifədi. Üstəlik, “Zaqatala” yetərincə uğursuz mövsüm keçirir. Bəlkə də “doğma divarlar” arasında meydana çıxacaq “Marafon” bu şansdan maksimum istifadə edə biləcək. Odu ki, “Zaqatala” liqalararası səviyyə fərqinə arxalanmamalı, meydanda ayıq-sayıq davranmalıdı.

Kür-Araz – Sumqayıt

Cəzalı: yoxdu.

Hakimlər: NİYAZ ƏHMƏDOV, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 17.00.

Heç şübhəsiz, “Kür-Araz” “Sumqayıt” üçün “asan yem”di. Bu matçda “kimyaçılar”ın böyükhesablı qələbə qazanacağını iddia edə bilərik. İmişli təmsilçisi isə meydana təcrübəsini artırmaq üçün çıxacaq. Bu cütün qalibi “Qarabağ”la qarşılaşacaq.

Qəbələ – Mingəçevir

Cəzalı: Roman Hüseynov (Mingəçevir).

Hakimlər: NAZİM ABDULLAYEV, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ, şəhər stadionu. Saat 17.00.

Öz aramızdı, bu oyunla bağlı danışarkən premyer-liqa təmsilçisinin 1-ci liqa iştirakçısını asanlıqla mübarizədən kənarlaşdıracağını demək olmur. Ona görə ki, “Qəbələ” daim uğurlu olsa da, hədəfə böyük çətinliklə çatıb. Bu dəfə hadisələrin axarının nə ilə nəticələnəcəyini bilməsək də, “qırmızı-qaralar”ın favorit olduğu aydındı. Bu cütün qalibi MOİK – “Şahdağ Qusar” cütünün qalibi ilə qarşılaşacaq.

Səbail – Zirə

Cəzalı: yoxdu.

Hakimlər: SƏBUHİ BAYRAMOV, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Bakı, “Bank Respublika Arena”. Saat 18.00.

Premyer-liqaya yüksəlmək uğrunda mübarizə aparan “Səbail” hələ elita klubu ilə bacaracaq səviyyədə deyil. Ardıcıl xal itkiləri ilə üzləşən “Zirə” isə “Sumqayıt”ı yenməklə önəmli psixoloji üstünlük qazanıb. Avrokuboklara vəsiqə uğrunda döyüşün cari mövsümdə daha gərgin olacağını nəzərə alsaq, “qartallar” rəqibə şans verməmək üçün “dəridən-qabıqdan çıxacaq”. Onsuz da arzuolunan səviyyədə mövsüm keçirməyən “Səbail”in təzyiqə nə qədər tab gətirəcəyini isə zaman göstərəcək. Bu cütün qalibi “Zəngəzur” – “Karvan Yevlax” cütünün qalibi ilə qarşılaşacaq.

28 oktyabr

İmişli – Qaradağ Lökbatan

Cəzalı: yoxdu.

Hakimlər: NAMİQ BƏKİROV, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Yevlax, şəhər stadionu. Saat 14.00.

Fərid Namazov yola salınandan sonra “sükan”ı təhvil alan Ervins Perkons “Turan Tovuz”u, ardından “Şamaxı”nı məğlub etdi. “Pələnglər” “Qaradağ Lökbatan”ı da sıradan çıxara bilər. Sadəcə, 2-ci liqanın liderinə diqqətli yanaşmaqda fayda var. Bu cütün qalibi “Sabah”la qarşılaşacaq.

MOİK – Şahdağ Qusar

Cəzalı: Elvin Nəsibov (MOİK).

Hakimlər: MURAD SƏLİMOV, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Mahal Məmmədov.

Binə, qəsəbə stadionu. Saat 14.00.

1-ci liqa komandalarının dueli maraqlı keçəcək. Yüksəlişdə olan MOİK son turda zirvəni əldən verən, çempionata daha böyük məsuliyyətlə yanaşmağa məcbur olan “Şahdağ Qusar”ı məğlub etməklə önəmli irəliləyiş əldə edə bilər. Ancaq bölgə təmsilçisinin yola inamla davam etmək niyyətini də gözardı etmək olmaz. Odu ki, hər iki kollektiv yalnız qələbə üçün tər tökəcək.

Hypers – Şamaxı

Cəzalı: Saleh Süleymanov (Hypers).

Hakimlər: ŞAMİL İMANZADƏ, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Şamaxı, şəhər stadionu. Saat 14.00.

2-ci liqada ortabablar sırasında qərarlaşan “Hypers”in bu oyuna köklənmək ehtimalı zəifdi. Ona görə ki, Quba təmsilçisi bir çox çatışmazlığın öhdəsindən gəlməyə çalışır. Təbii ki, belə şəraitdə premyer-liqanın iddialı klublarından birinə çevrilməkdə olan “Şamaxı”nın öhdəsindən gəlmək çətin məsələdi. Bu cütün qalibi “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi ilə qarşılaşacaq.

Şəfa – Ağstafa Gəncləri

Hakimlər: SƏNAN BAYRAMZADƏ, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 16.00.

Düzdü, “Şəfa” premyer-liqada azarkeşlərini məyus etməkdədi. Lakin paytaxt təmsilçisinin “Ağstafa Gəncləri” ilə matçda tərəfdarlarını sevindirəcəyini deyə bilərik. Burda həm səviyyə fərqi, həm də rəqibin son matçlarda məğlubiyyətlərlə üzləşməsi böyük rol oynayacaq. O başqa məsələ ki, futbolda istisnalar həmişə var. Bu cütün qalibi “Neftçi” ilə qarşılaşacaq.

Kəpəz – Baku Sportinq

Cəzalı: yoxdu.

Hakimlər: RUSLAN QULİYEV, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Gəncə, şəhər stadionu. Saat 19.00.

“Kəpəz”in meydanında qalib gəlmək premyer-liqa klubları üçün belə çətin vəzifədi. Söhbət 1-ci liqada ardıcıl 6 matçda uduzan “Baku Sportinq”dən gedirsə, “sarı-göylər”i düşünmədən favorit elan edə bilərik. Azarkeşlərin bu matça nə dərəcədə maraq göstərəcəyini isə yalnız oyun günü öyrənəcəyik. Hər halda, gəncəli tərəfdarlar bu matçda da sevimli komandalarını yalqız qoymamalıdı. Bu cütün qalibi “Turan Tovuz”la qarşılaşacaq.

29 oktyabr

Xankəndi – Gəncəbasar

Cəzalı: yoxdu.

Hakimlər: MAHMUD BAĞIRZADƏ, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

“Xankəndi” hələ ki sabit nəticələr qazanmaqda çətinlik çəkir. Bu üzdən Röyal Nəcəfovun baş məşqçi postuna təyinatının nə vaxt bəhrə verəcəyi sual altındadı. “Gəncəbasar” isə 1-ci liqanın lideridi. Odu ki, eyni çempionat iştirakçılarının duelində hansı nəticənin qeydə alınacağı maraq doğurur. Favorit Gəncə təmsilçisi olsa da, “Xankəndi”nin uduzmaq istəməyəcəyi bəllidi. Son söz meydanda deyiləcək.

Zəngəzur – Karvan Yevlax

Hakimlər: CEYHUN BAĞIRZADƏ, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Binə, qəsəbə stadionu. Saat 14.00.

Bəli, “Zəngəzur” 2-ci liqada özünü yaxşı tərəfdən göstərmək üçün çalışır. Ancaq komandanın gücü hələ ilk “üçlüy”ə çatmaq üçün kifayət qədər deyil. Belədə 1-ci liqanın iddialılarından olan “Karvan-Yevlax”a müqavimət göstərmək şansı yetərincə azalır. Deməli, qonaqların qələbə qazanacağını proqnozlaşdıra bilərik. Meydan sahibləri isə layiqli mübarizə ilə yadda qalmağa çalışacaqlar.