Almaniya şirkətləri qabaqcıl ekspert təcrübəsi, innovativ texnologiyalar və dayanıqlı həllər təklif edərək, qida sahəsində Azərbaycanla əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir.
Bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı diplomatik missiyası rəhbərinin müavini Tereza Lyunnemann Bakıda keçirilən Almaniya-Azərbaycan biznes konfransında bildirib.
"Made in Germany" brendinin üstünlüklərinə dair fikirlər çox zaman klişe olaraq dəyərləndirilir, ancaq mövcud şəraitdə bu, reallığa tam uyğun gəlir. Almaniya şirkətləri dəyərli təcrübə, davamlı texnoloji həllər və digər imkanlar təqdim etmək gücündədir, Azərbaycan isə aqrar-sənaye kompleksinin müasirləşdirilməsi və yerli əlavə dəyərin yüksəldilməsi istiqamətində mühüm potensial ortaya qoyur", - diplomat bildirib.
T.Lyunnemann iş adamları arasında aparılmış müzakirələrin real birgə təşəbbüslərə çevriləcəyinə inamını ifadə edib. Onun fikrincə, Almaniyanın diplomatik missiyası Almaniya-Azərbaycan Xarici Ticarət Palatası (AHK) ilə birgə biznesə hərtərəfli dəstək göstərməyə, investisiya layihələrinin icrasına yardım etməyə və ikitərəfli iqtisadi münasibətləri genişləndirməyə hazırdır.