Xəbər verdiyimiz kimi Əməkdar artist, tanınmış diktor Xalidə Gözəl (Əhmədova) vəfat edib. Bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. Diktorun vəfat xəbəri həm onu sevənləri, həm də həmkarlarını üzüb.
Moderator.az-a açıqlama verəm Xalq artisti Ofeliya Sənani həmkarının ölüm xəbərindən sarsıldığını bildirib:
“Can, can yazıq qız (kövrəlir). Xalidə Gözəl bizim dövr diktorlardandır. Davud Əhmədovun həyat yoldaşı idi. Davud çox gözəl diktor idi. Xalidə xanım çalışırdı ki, adı verilişlərdə çıxsın. Arxa planda işləmək istəmirdi, istəyirdi ki, onu hər kəs öndə görsün. Bu da düzgün deyildi, hər şeyin öz vaxtı var. Bəzi şeylərə dözməli idi. Biz diktorlar o dəqiqə efirə çıxmırdıq ki. Mübariz insan idi. Allah ona rəhmət etsin” deyə diktor bildirib.
Ofeliya Sənani bildirir ki, həyat yoldaşı Davud Əhmədovun ölümündən sonra Xalidə Gözəlin səhhətində problemlər yarandı:
“Bir bilsəniz Davudu nə qədər sevirdi. Bir-birinə yaraşan cütlük idi. Onları ayrı görməzdik. Davudu itirəndən sonra demək olar ki, səhhətində də problemlər yaranmağa başladı.
Davud çox yaxşı diktor idi. Həddindən artıq savadlı, mülayim və siyasi savadı olan şəxsiyyət idi. Şeir deməyi də bacarırdı. O dövr çox çətin idi” deyə diktor bildirib.