Azərbaycanda bir şagirdə illik 3 min manatadək vəsait ayrılacaq - QƏRAR

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsi mexanizmi üzrə hər bir şagirdə düşən illik təhsil xərclərinin məbləği müəyyənləşdirilib. Yeni qaydalara əsasən, tam orta ümumtəhsil məktəblərində bir şagird üçün illik 2000 manat, lisey və gimnaziyalarda 2200 manat, internat tipli təhsil müəssisələrində isə 2500-3000 manat baza məbləği nəzərdə tutulub.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı Nazirlər Kabinetinin 26 oktyabr 2026-cı il tarixli, 357 nömrəli qərarında əksini tapıb.

Qərarla adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilən dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı və həmin müəssisələrin dövlət büdcəsindən maliyyələşdirilməsi qaydaları təsdiq edilib. Sənəd 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.

Bir şagird üçün illik xərc məktəbin növündən asılı olacaq

Qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin baza məbləğləri aşağıdakı kimi müəyyən edilib:

Tam orta ümumtəhsil məktəbi – 2000 manat;

Lisey – 2200 manat;

Gimnaziya – 2200 manat;

Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi – 2500 manat;

İnternat tipli lisey – 3000 manat;

İnternat tipli gimnaziya – 3000 manat.

Qeyd olunub ki, bu məbləğlər baza xərcləridir. Onlara ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə müəyyən edilmiş artım əmsalları tətbiq ediləcək. Buna görə də hər bir şagird üçün yekun maliyyələşmə məbləği onun təhsil aldığı məktəbin növü və təhsil səviyyəsi nəzərə alınmaqla hesablanacaq.

Təhsil səviyyələrinə görə artım əmsalları müəyyənləşdirilib

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən qaydalara əsasən, adambaşına maliyyələşdirmə ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.

Hər bir təhsilalana düşən illik təhsil xərclərinin hesablanması zamanı aşağıdakı artım əmsalları tətbiq olunacaq:

İbtidai təhsil – 1,00;

Ümumi orta təhsil – 1,25;

Tam orta təhsil – 1,70.

Beləliklə, ibtidai təhsil səviyyəsində baza məbləğinə əlavə artım tətbiq edilməyəcək. Ümumi orta təhsil səviyyəsində xərclər 1,25, tam orta təhsil səviyyəsində isə 1,70 əmsalı ilə hesablanacaq.

Qaydalara görə, müəssisənin hər bir təhsil səviyyəsi üzrə maliyyələşmə məbləği həmin səviyyədə təhsil alan şagirdlərin sayının müvafiq illik xərc məbləğinə vurulması ilə müəyyən ediləcək. Daha sonra ayrı-ayrı təhsil səviyyələri üzrə hesablanan məbləğlər toplanaraq məktəbə ayrılacaq ümumi maliyyələşmənin həcmi müəyyənləşdiriləcək.

Məktəblərin siyahısını Elm və Təhsil Nazirliyi müəyyən edəcək

Yeni mexanizm bütün dövlət ümumi təhsil müəssisələrində eyni vaxtda tətbiq edilməyəcək. Qərarla təsdiqlənən qaydalara əsasən, adambaşına maliyyələşdirmə prinsipi 2026/2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə tətbiq olunacaq.

Hər növbəti təqvim ili üçün bu prinsip əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısı və həmin məktəblərdə təhsil alanların sayı Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.

Məktəblərin seçim meyarlarını da Elm və Təhsil Nazirliyi müəyyənləşdirəcək. Bu zaman şagirdlərin sayı, təhsil müəssisəsinin infrastrukturu, maddi-texniki təminatı və əhatə etdiyi təhsil səviyyələri nəzərə alınacaq.

Hər bir məktəb üzrə şagirdlərin sayı müvafiq tədris ilinin əvvəlinə olan faktiki kontingent əsasında hesablanacaq. Tədris ili ərzində şagird sayında baş verən dəyişikliklər isə nazirliyin müəyyən etdiyi qaydada nəzərə alınacaq.

Maliyyə vəsaiti məktəblərin hesabına köçürüləcək

Qərarla təsdiqlənən qaydalara əsasən, adambaşına maliyyələşdirmənin şərtləri Elm və Təhsil Nazirliyi ilə dövlət ümumi təhsil müəssisəsi arasında bağlanacaq nümunəvi çərçivə müqaviləsi ilə müəyyənləşdiriləcək.

Müqavilə hər il sentyabrın 15-dək imzalanmalıdır. Müddətin başa çatmasına bir həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi barədə yazılı təklif təqdim etməzsə, onun qüvvəsi növbəti müddət üçün avtomatik davam etdiriləcək.

Məktəblərə ayrılan vəsait müvafiq təsdiqedici sənədlər əsasında birbaşa onların bank və ya xəzinə hesablarına köçürüləcək. Ödənişlər rüblər üzrə həyata keçiriləcək.

Maliyyələşdirmə müvafiq tədris ilini əhatə edəcək və növbəti tədris illərində də qaydalarla müəyyən edilmiş tələblərə uyğun davam etdiriləcək.

Xərclər ayrılan məbləği keçərsə, fərq digər mənbələrdən ödəniləcək

Qaydalarda məktəblərin faktiki xərclərinin təsdiqlənmiş illik təhsil xərclərinin məbləğindən artıq olması halı da nəzərdə tutulub.

Belə ki, bir təhsilalana çəkilən faktiki illik xərc müəyyən edilmiş məbləği keçərsə, çatışmayan vəsait məktəbin büdcədənkənar hesabı, təsisçisi və ya tabe olduğu qurum tərəfindən digər mənbələr hesabına ödəniləcək.

Bununla yanaşı, beynəlxalq müqavilələr əsasında Azərbaycan dövlətinin hesabına ümumi təhsil alan əcnəbilər üçün adambaşına illik təhsil xərcləri hesablanarkən müqavilələrin şərtlərindən asılı olaraq əlavə xərclər də nəzərə alınacaq.

Məktəblər vəsaiti təyinatı üzrə xərcləməli olacaq

Nümunəvi çərçivə müqaviləsinə əsasən, dövlət ümumi təhsil müəssisələri təhsili dövlət standartlarına uyğun təşkil etməli, ayrılmış vəsaitdən yalnız təyinatı üzrə istifadə etməli və maliyyələşdirmənin hesablanması üçün tələb olunan sənədləri Elm və Təhsil Nazirliyinə təqdim etməlidirlər.

Məktəblər şagirdlərin sayı və kontingentin hərəkəti barədə məlumatları da nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə təqdim etməlidirlər.

Bundan başqa, tədris ili başa çatdıqdan sonra 20 iş günü ərzində ayrılmış vəsaitin istifadəsi və təhsilin nəticələri barədə hesabat hazırlanaraq nazirliyə təqdim olunmalıdır. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar barədə isə beş iş günü ərzində məlumat verilməlidir.

Müqavilə şərtlərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsi halında tərəflər qüvvədə olan qanunvericiliyə uyğun tədbirlər görə bilərlər.

Maliyyələşdirməyə nəzarət və hesabatlılıq təmin ediləcək

Yeni qaydalara əsasən, adambaşına maliyyələşdirmə mexanizminin səmərəliliyinə Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət orqanları nəzarət edəcək.

Hər bir məktəb üzrə ayrılmış vəsaitin həcmi, bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı və maliyyə vəsaitindən istifadəyə dair ümumiləşdirilmiş məlumatlar hər il nazirliyin rəsmi internet saytında açıqlanacaq.

Mexanizmin səmərəliliyi şagirdlərin davamiyyəti, təlim nəticələri və resurslardan istifadənin səmərəliliyi kimi göstəricilər əsasında qiymətləndiriləcək. Monitorinq göstəricilərinin siyahısını və qiymətləndirmə metodikasını Elm və Təhsil Nazirliyi müəyyən edəcək.

Nazirlik, həmçinin adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin nəticələri barədə hər il Nazirlər Kabinetinə hesabat təqdim edəcək.

Qeyd edək ki, qaydalar çərçivəsində adambaşına maliyyələşdirmə hesablanarkən bəzi xərclər bu mexanizmdən istisna tutulur. Bunlara qeyri-maliyyə aktivlərinə aid xərclər, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiqi, beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması və təminatı, kitab alınması, eləcə də təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlığının artırılması ilə bağlı xərclər daxildir.

T.İSMAYIL