"Yenilməz armada" qayıdır?

"Kəpəz" Misli premyer-liqasında uğurlu nəticələr qazanmaqda davam edir. Belə ki, Gəncə təmsilçisi 9-cu turda "Şəfa"nın meydanından qalib ayrılmaqla (2:1) məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırdı. İndiyə qədər 14 xal toplayan komanda hazırda 6-cı sıradadı və 4-cü yerdə qərarlaşan "Turan Tovuz"dan cəmi 1 xal geridədi.

Maraqlıdı, görəsən, "sarı-göylər"in bu cür yüksəlişinin səbəbləri nədi?

Bu sualı təcrübəli mütəxəssis Arif Əsədova ünvanladıq. Onun "Football-plus.az"a cavabı:

"Bəli, "Kəpəz" bu mövsüm çox yaxşı çıxış edir. Burda bir çox məqamlar var. Klub prezidenti Anar Abdullayevin, baş məşqçi Azər Məmmədovun zəhməti çox böyükdü. Komandanın öz stadionunda, azarkeşləri qarşısında oynamasının da bu uğurlarda böyük payı var. Bildiyim qədər, mövsümün əvvəlində Anar bəylə tərəfdarlar arasında görüş olmuşdu. Hazırda da münasibətlər qaydasındadı. Kollektiv həm evdə, həm də səfərdə qalib gələ bilirsə, deməli, tapşırıqlar, tövsiyələr maksimum yerinə yetirilir. Ümid edirəm ki, "Kəpəz" bundan sonra da uğurlu çıxışlarla yadda qalacaq".

Xatırladaq ki, Gəncə təmsilçisi 10-cu turda "İmişli"ni qəbul edəcək. Noyabrın 1-də Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17.30-da start götürəcək.