Niderland şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında, xüsusən də su resurslarının idarə edilməsi, bərpa olunan enerji, kənd təsərrüfatı və dayanıqlı infrastruktur sahələrində iştirak imkanlarına malikdirlər.
Bu barədə müsahibəsində Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.
Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin miqyası və dayanıqlı inkişafa diqqət yetirilməsi bu istiqamətdə iki ölkə arasında əməkdaşlıq üçün perspektivlər açır.
Səfir vurğulayıb ki, o, artıq üç dəfə Azərbaycanın bu regionlarına səfər edib: "Hər üç səfər məndə çox böyük təəssürat yaradıb. Hər dəfə inkişafın nə qədər sürətlə getdiyini və orada necə irimiqyaslı obyektlərin inşa edildiyini görürsən. Bu, həqiqətən heyranedicidir. Düşünürəm ki, Niderland şirkətləri də baş verən dəyişikliklərə diqqət yetiriblər və bu cür imkanlar əldən verilməməlidir".
O vurğulayıb ki, Niderland su ehtiyatlarının idarə edilməsi, bərpa olunan enerji, kənd təsərrüfatı, dayanıqlı infrastruktur, eləcə də "ağıllı şəhər və kənd" konsepsiyası kimi sahələrdə müvafiq təcrübəyə malikdir: "Buna görə də konkret layihələrin tələbləri, onların kommersiya cəhətdən məqsədəuyğunluğu və qüvvədə olan qanunvericilik nəzərə alınmaqla, bu sahələrdə ixtisaslaşmış Niderland şirkətləri üçün müəyyən imkanlar yarana bilər".
Marian de Yonq həmçinin bildirib ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Niderlandda istifadə olunan və sənaye miqyaslı istixana təsərrüfatlarının inkişafını nəzərdə tutan "Vestland" modelinin Cəbrayıl rayonunda tətbiqində maraqlı olduğunu ifadə edib.
"Biz bu müraciəti diqqətlə araşdırır, Niderlandın bilik və təcrübəsinin regiona cəlb edilməsi, o cümlədən bu prosesdə özəl sektorun və elmi-tədqiqat institutlarının iştirakı imkanlarını öyrənirik", - səfir bildirib.
Cənubi Qafqazdakı hazırkı vəziyyəti şərh edən Marian de Yonq vurğulayıb ki, Niderland sülh prosesini (Bakı ilə İrəvan arasında - red.) dəstəkləyir: "Biz (Bakı və İrəvan arasında - red.) sülh prosesinin hazırkı vəziyyətindən çox məmnunuq. Biz bu prosesi qətiyyətlə dəstəkləyir, hər iki ölkə və əldə olunan irəliləyişlə fəxr edirik. Niderland sülh prosesini həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində dəstəkləyir. Hesab edirəm ki, sülh prosesinin irəliləməsi üçün hər iki ölkənin göstərdiyi mühüm səyləri qeyd etmək vacibdir. Biz bundan sonra da mümkün olan bütün vasitələrlə onları dəstəkləməyə hazırıq".
Diplomat həmçinin Azərbaycanda mövcud olan yüksək təhlükəsizlik səviyyəsini qeyd edib: "Çox şanslıyam ki, diplomatik missiyanın rəhbəri kimi məhz Azərbaycana təyinat almışam. Bura dünyada bu gün çox təhlükəsiz olan yeganə yerdir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.