Ukrayna Ali Radası (parlament) ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin daha 90 gün uzadılmasına qərar verib. Bununla da ölkə 2027-ci ilə hərbi vəziyyət və səfərbərlik şəraitində qədəm qoyacaq.
“UNİAN”a istinadən, parlament hərbi vəziyyətin 29 yanvar 2027-ci il tarixinədək uzadılmasını nəzərdə tutan prezident fərmanını təsdiqləyib.
Qərarın lehinə 293 deputat səs verib.
Ali Rada, həmçinin ümumi səfərbərlik müddətinin daha üç ay uzadılması barədə qanun layihəsini qəbul edib. Bu qərarı 281 deputat dəstəkləyib.
Qəbul edilən qanunlar 31 oktyabr 2026-cı ildən qüvvəyə minəcək və 29 yanvar 2027-ci ilədək davam edəcək.
Xatırladaq ki, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin uzadılması ilə bağlı parlamentdə keçirilən 21-ci səsvermədir. Beləliklə, sülh danışıqları ətrafında müzakirələrin davam etdiyi bir vaxtda Kiyev hərbi vəziyyət və səfərbərlik rejimini daha üç ay qüvvədə saxlamaq qərarına gəlib.