Çin fond bazarında satış dalğası davam edə bilər. ABŞ-ın investisiya bankçılığı və maliyyə xidmətləri göstərən “Morgan Stanley” şirkətinin analitikləri Çin şirkətlərinin səhmlərinin minimum qiymətləndirmə səviyyələrinə çatmazdan əvvəl daha da ucuzlaşacağını proqnozlaşdırırlar.
Bu barədə ABŞ-ın biznes və maliyyə xəbərləri üzrə ixtisaslaşmış “Bloomberg” agentliyi məlumat yayıb.
Bankın Laura Vanqın da daxil olduğu analitiklər qrupunun hesabatına görə, xarici birjalarda, o cümlədən Honkonqda ticarət olunan Çin şirkətlərinin səhmləri daha 10–15% dəyər itirə bilər.
Bu halda həmin şirkətlərin səhmlərinin qiymətinin növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətə nisbəti (P/E) təxminən 8-ə enəcək. Bu, Çin səhmlərinin tarixən müşahidə edilmiş ən aşağı qiymətləndirmə səviyyələrindən biridir.
Çinin materik hissəsindəki birjalarda ticarət olunan səhmlərin də ucuzlaşması gözlənilir. Analitiklər onların qiymət/mənfəət nisbətinin 10–11 səviyyəsinə düşə biləcəyini bildirirlər.
Ucuzlaşmanın əsas səbəbi Çin iqtisadiyyatında artımın zəifləməsi və istehlak tələbinin aşağı qalmasıdır.
“Morgan Stanley”nin analitikləri bildirirlər ki, investisiya trastları ilə bağlı vergi riskləri, elektron ticarət sektoruna təzyiqlər, makroiqtisadi göstəricilərin zəifləməsi və qlobal bazarlarda yüksək volatillik Çin səhmlərində satışları sürətləndirib.
Xüsusilə son iki həftə ərzində baş verən hadisələr bazardakı mənfi tendensiyanı daha da gücləndirib.
Çinin materik fond bazarı artıq ayı bazarına daxil olub. Ölkənin 300 iri şirkətinin səhmlərini əhatə edən “CSI 300” indeksi iyun ayındakı maksimumundan təxminən 20% geriləyib.
Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərində qlobal satış dalğası da Çin bazarına əlavə təzyiq yaradır.
Hazırda “CSI 300” indeksinə daxil olan şirkətlərin səhmləri növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 11,6 misli, Honkonqun “Hang Seng” indeksinə daxil olan şirkətlərin səhmləri isə 9,5 misli səviyyəsində qiymətləndirilir.
Bununla belə, “Morgan Stanley” Çin daxilində ticarət olunan səhmlərə daha çox üstünlük verir.
Bankın analitikləri bunu Pekinin fond bazarına dəstəyini gücləndirməsi və materik birjalarında süni intellekt, qabaqcıl texnologiyalar və innovasiya sahələrində fəaliyyət göstərən şirkətlərin daha geniş təmsil olunması ilə izah edirlər.
Analitiklərin fikrincə, dövlətə bağlı iri investorların səhmləri əhəmiyyətli həcmdə alması bazarın minimum səviyyəyə yaxınlaşdığını göstərən siqnallardan biri ola bilər.
Tarixi müşahidələrə əsasən, dövlətin iri alışları bazarın sabitləşdirilməsinə dair rəsmi bəyanatlarla müşayiət edildikdə səhmlər adətən bir-iki ay sonra minimum səviyyəyə çatıb.
“Morgan Stanley” hesab edir ki, Çin hökumətinin bazara dəstək tədbirləri fonunda materik birjalarda ticarət olunan A kateqoriyalı səhmlərin sabitləşməsi yaxın bir-iki ay ərzində daha aydın görünə bilər.
Bununla belə, iqtisadi artımın və istehlakın zəif qalması Çin fond bazarında bərpanın davamlılığı üçün əsas risklər olaraq qalır.