Bu səfər Qətər və Pakistanın vasitəçilik səyləri ilə yanaşı, ABŞ və İran arasındakı gərginliyi dialoq və diplomatiya yolu ilə azaltmağı hədəfləyir
Oktyabrın 26-da verilən açıqlamada Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yüksəksəviyyəli rəsmilərinin regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Tehranda iranlı həmkarları ilə bir araya gələcəyi bildirilib.
İran Ali Milli Təhlükəsizlik Şurası baş katibinin müavini Əli Baqiri İran televiziyasına açıqlamasında Məkkə İttifaqının üzvləri olan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmilərinin Qərbi Asiyada regional təhlükəsizlik çərçivəsini irəli aparmaq səyləri daxilində Tehrana səfər edəcəklərini deyib.
Ə.Baqiri görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman, Pakistan Quru Qoşunlarının komandanı Asim Munir və Türkiyədən olan yüksəksəviyyəli rəsminin iştirak edəcəyini bildirib.
"Anadolu" Agentliyinin Türkiyənin təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, Türkiyəni iclasda Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının təmsil edəcək.
Ə.Baqiri rəsmilərin regional təhlükəsizlik mövzularını müzakirə etmək üçün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizayi ilə görüşəcəklərini qeyd edib. O, İranın bölgədəki kənar qüvvələrin müdaxiləsinə və nüfuzuna qarşı olduğunu da əlavə edib. İran mediası görüşün baş tutacağı tarix haqqında dəqiq məlumat verməyib.
Məkkə İttifaqı regional gərginliyi azaltmağı hədəfləyir
Səudiyyə Ərəbistanı xarici işlər nazirinin ictimai diplomatiya üzrə müavini Rayed Kərimli "X" sosial şəbəkə platformasında etdiyi paylaşımda səfər haqqındakı məlumatları təsdiqləyib. R.Kərimli nümayəndə heyətinin M.Rizayi ilə yanaşı, İran Prezidenti Məsud Pezeşkian ilə də görüşəcəyini bildirib.
O, bu səfərin ABŞ ilə İran arasında davam edən münaqişə fonunda Məkkə İttifaqı üzvlərinin gərginliyi səngitmək səylərinin bir hissəsi olduğunu vurğulayıb. Danışıqların, həmçinin Qətər və Pakistanın rəhbərlik etdiyi vasitəçilik səylərinə dəstək verməklə yanaşı, dialoq və diplomatik həll yollarını təşviq etmək məqsədi qoyduğunu qeyd edib. R.Kərimli bu təmasların ittifaq üzvlərinin regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsindəki rolunu, eləcə də bu hədəf doğrultusunda bölgədəki bütün ölkələrlə əməkdaşlıq etmək əzmini nümayiş etdirdiyini bildirib.