Samir Vəliyev: Bakı nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək

“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Belə tədbirlərin ölkəmizdə keçirilməsi ənənəvi hal alıb. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dünya miqyasında yüksək nüfuza malik olan dövlətdir. Eyni zamanda, inkişaf, ictimai-siyasi sabitlik və digər pozitiv amillər beynəlxalq birliyin seçimində Azərbaycanın üzərində dayanmasını şərtləndirir”.

Teleqraf xəbər verir ku, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, 27-28 oktyabr tarixlərində Bakı növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, həmin tarixlərdə paytaxtımızda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçiriləcək. Tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir. Bu təmsilçilik səviyyəsi tədbirin İƏT məkanında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli beynəlxalq platforma olduğunu göstərir.

Deputat bildirib ki, tədbirin Azərbaycanda keçirilməsinin səbəblərindən biri də ölkəmizdə korrupsiyaya qarşı güclü mübarizənin aparılmasıdır. Əminliklə söyləmək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində mütəşəkkil və kompleks yanaşma əsasında aparılır. Nəzərə alaq ki, ölkəmizdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” icra olunur. Eyni zamanda, bu istiqamətdə bir sıra qanunlar qəbul olunub. Korrupsiyaya qarşı mübarizədə əsas rolu isə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi oynayır.

Millət vəkilinin fikrincə, belə bir nüfuzlu tədbirin Bakıda keçirilməsi dövlətimizin növbəti uğurudur: “Lakin Azərbaycanın uğurlarına sevinməyənlər də var. Hər şeyi qara rəngdə görməyə adət etmiş radikal müxalifət İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün Bakıda keçirilməsinı qıcıqla qarşılayır. Onlar iddia edir ki, guya ölkəmizdə korrupsiyanın səviyyəsi yüksəkdir və bu səbəbdən belə tədbir Bakıda keçirilməməlidir. Amma gəlin görək radikallar bu iddialarla çıxış edəndə hansı beynəlxalq hesabatlara əsaslanırlar? Onların “istinad” mənbəyi yalnız xaricdəki anti-azərbaycançı mərkəzlər, erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən qurumlardır. Buna görə də, belə iddiaların heç bir əsası yoxdur. Əksinə, dünyanın nüfuzlu təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutlarının hesabatlarında Azərbaycanda şəffaflıq yüksək dəyərləndirilir. Bir sözlə, hər bir vətənpərvər azərbaycanlı ölkəmizin uğurlarına sevinməlidir”.