Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar

Güclü partlayış səsləri 26 oktyabr səhəri Rusiyanın Voronej sakinlərini oyandırıb.

Bu barədə “Voronezh1.ru” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Moskva vaxtı ilə səhər saat 5:44-də (bakı vaxtı ilə 6:44) bölgədə həyəcan siqnalı verilib və altı dəqiqə sonra bir-birinin ardınca partlayışlar başlayıb. Sakinlər başlarının üstündən uçan dronların səslərini eşitdiklərini və zərbələrin evləri silkələdiyini bildiriblər.

"Dəhşətlidir, çox qorxuludur, bütün ev titrəyir", "Çox qorxuludur. Tanrım, xahiş edirəm hamını qoru", "Heç vaxt bu qədər gurultulu səsi eyni anda eşitməmişəm" - Voronej sakinləri hadisələrlə bağlı hisslərini bölüşüblər.

Bəziləri həmçinin hücum zamanı evlərdə sığınacaqların mövcud olmadığını bildiriblər.

Portal şəhər sakininin sözlərini sitat gətirir: "Yanımdan nə uçduğunu bilmirəm, yalnız səsi eşitdim. Hara gedə bilərəm? Zirzəmi bağlı idi".

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev Moskva vaxtı ilə səhər saat 7:36-da “Telegram” kanalında raket xəbərdarlığının bitdiyini elan edib.

Lakin o əlavə edib ki, dron hücumu xəbərdarlığı bütün bölgədə qüvvədədir. Qubernator həmçinin sakinlərə hava hücumundan müdafiə sistemindəki insidentlərin foto və videolarını internetdə paylaşmamağı xatırladıb. Bundan əlavə, dron qalıqlarına yaxınlaşmağın qəti qadağan olduğunu bildirib.