Xına ayaqdakı göbələk xəstəliyini sağaldırmı? – Alimlərin cavabı

Ayaqlarda qaşınma, dərinin soyulması, çatlaması və xoşagəlməz qoxu göbələk infeksiyasının əlamətləri ola bilər. Xalq təbabətində bu problemin aradan qaldırılması üçün xınadan istifadə edilir. Bəs xına həqiqətən göbələyi məhv edirmi?

Xarici KİV-ə istinadən, elmi araşdırmalara görə, xına bitkisinin (Lawsonia inermis) tərkibində göbələklərə qarşı təsir göstərə bilən maddələr mövcuddur.

Laboratoriya tədqiqatlarında xına ekstraktının bəzi göbələk növlərinin inkişafını zəiflətdiyi müəyyən edilib. Lakin bu nəticələr xınanın insanlarda ayaq göbələyini tam sağaltdığını sübut etmir.

Dermatoloqlar ayaq göbələyinin müalicəsində terbinafin, klotrimazol və digər göbələkəleyhinə preparatlardan istifadəni tövsiyə edirlər.

Xına həssas dəridə qıcıqlanma və allergik reaksiyalara da səbəb ola bilər. Xüsusilə kimyəvi qatqılı qara xınadan ehtiyatlı olmaq lazımdır.

Göbələyin təkrarlanmaması üçün ayaqlar quru saxlanılmalı, corablar gündəlik dəyişdirilməli və ayaqqabılar havalandırılmalıdır.

Əgər infeksiya dırnaqlara yayılıbsa və ya müalicəyə baxmayaraq davam edirsə, dermatoloqa müraciət edilməlidir.